Elçin Əhmədov: “Cocuq Mərcanlı bu hadisələrin başlanğıcı olacaq" MÜSAHİBƏ

12 Yanvar 2018 16:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov SİA-ya müsahibəsi:

- Elçin müəllim, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirdi ki, dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Siz bu barədə nə deyərdiniz?

- Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin həm giriş nitqi, həm də yekun nitqi olduqca əhəmiyyətli idi. Dövlət başçısı 2017-ci ildə Azərbaycanın qazandığı uğurları, sosial iqtisadi inkişaf göstəricilərini, Azərbaycanın sabit bir ölkəyə çevrilməsini faktlarla ictimaiyyətin diqqətinə çatdırdı. Eyni zamanda qeyd etmək vacibdir ki, bu gün Azərbaycan dünyada risklərin artdığı, dünyanın müxtəlif ölkələrində təlatümlərin baş verdiyi bir şəraitdə regionda sabit bir məkan kimi diqqəti cəlb edir. Bununla belə ötən il Azərbaycan Prezidenti İlham Əliyev ölkədə “İslam Həmrəyliyi İli” elan etmişdi. Bu çox mühüm əhəmiyyət kəsb edirdi. Çünki islam ölkələrində baş verən hadisələr son vaxtlar isə istər Suriyada, İraqda, Əfqanıstanda, istərsə də islam dünyasının digər ölkələrində təlatümlər, sabitsizlik və s. islam həmrəyliyinin labüd olduğunu göstərirdi. Ölkə başçısının da bu addımı islam dövlətləri tərəfindən çox məmnuniyyətlə qarşılandı. Ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına həm təşkilatçılıq etdik, həm də bu oyunları ləyaqətlə başa vurduq. İlk Avropa Oyunlarında olduğu kimi bu işdə də ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın həm təşkilatçılıq qabiliyyəti, həm də yorulmaz fəaliyyəti göz qabağında idi. IV İslam Həmrəyliyi Oyunlarında cənab Prezident çıxışı zamanı da bildirdi ki, bizim islam dünyasında birinci yeri tutmağımız heç də təsadüfi olmamışdır. Çünki əvvəlki islam oyunları ilə müqayisə etsək biz həm Rio Olimpiya Oyunlarında, həm də Avropa Oyunlarında da qələbələr qazanmışıq. Prezident müşavirədə Azərbaycanın iqtisadi göstəricilərinə də toxunaraq dedi ki, Azərbaycan dinamik şəkildə inkişaf edir. Xüsusilə də son 14 ildə yəni 2003-cü ildən başlayaraq Azərbaycanın bütün iqtisadi göstəriciləri yüksək səviyyədədir. Eyni zamanda dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda işsizlik və yoxsulluğun səviyyəsi artıq 5 faiz təşkil edir. Təbii ki, bu da çox mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yüksədilməsi üçün atılan addımları da diqqətə çatdırdı. Bu çərçivədə heç şübhəsiz ki, məcburi köçkünlər də heç vaxt Azərbaycan dövlətinin diqqətindən kənarda qalmayıb. Artıq 2300 ailə bu da 12 min nəfərdən çox məcburi köçkün deməkdir ki, onların mənzil şəraiti yaxşılaşdırılıb. Prezident xüsusilə vurğuladı ki, 2018-ci ildə yerdə qalan digər məcburi köçkünlərin də yaşayış şəraiti yaxşılaşdırılacaq və buna diqqət iki dəfə çox artırılacaq. Heç şübhəsiz ki, bütün bunlar həm Azərbaycanın artan siyasi imici, iqtisadi gücü, həm də hərbi potensialından xəbər verir. Ölkəmiz təkcə regionda deyil, həm də qlobal dünyada baş verən proseslərdə fəal aktor kimi iştirakını şərtləndirir. Bütün bunlarla yanaşı cənab Prezident istər xarici ölkələrə səfərləri zamanı, istərsə də daxildə ölkəmizin milli maraqlarını həmişə üstün tutub.

- Müşavirədə qeyd olundu ki, aprel hadisələrindən sonra müxtəlif şərtlər irəli sürən Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olub. Ermənistanın masa arxasında oturdulması həm də onu deməyə əsas ola bilərmi, Dağlıq Qarabağın işğaldan azad edilməsi uzaqda deyil?

- 2016-ci il Aprel hadisələri zamanı qüdrətli Azərbaycan ordusu tərəfindən ərazilərimizin bir hissəsinin işğaldan azad edilməsi bu gün həmin o Lələ Təpə yüksəkliyində üçrəngli bayrağımızın dalğalandırılmasını şərtləndirdi. Həmin hadisələr onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən də Cənubi Qafqazın ən qüdrətli ordusudur. Bizim ordumuzu Ermənistan ordusu ilə müqayisə etmək olmaz. Aprel hadisələri eyni zamanda onu göstərdi ki, Ermənistanın o yaratdığı mif demək olar ki, dağıdıldı. O “qüdrətli” Ermənistan ordusu və ya özlərini Dağlıq Qarabağın ordusu kimi təqdim edən işğalçı ölkənin dediklərinin hər biri mif idi. Azərbaycan ordusu istənilən zaman torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Sadəcə olaraq bu gün dünyada mövcud olan ikili standartlar, ikili yanaşma təcavüzkarla təcavüzə məruz qalanların eyni tutulması bizi üzür. Aprel hadisələri Azərbaycanda vətənpərvərlik ruhunun artmasına böyük kömək oldu, həm də ordumuzun öz torpaqlarını işğaldan azad etmək qüdrətində olduğunu göstərdi. Biz hər birimiz inanırıq ki, cənab Prezidentin siyasi iradəsi, qətiyyəti, diplomatik fəaliyyəti sayəsində Azərbaycan ordusu özünün son sözünü deyəcək.

- Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərirmi ki, işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bütün təmir-bərpa işləri aparılacaq, şəhərlər, kəndlər yenidən qurulacaq və bu gün dağıdılmış vəziyyətdə olan şəhər və kəndlərə tezliklə həyat qayıdacaq?

- Aprel hadisələri baş verməsə idi təbii ki, biz Cocuq Mərcanlını hazırda bərpa edə bilməzdik. Füzuli, Cəbrayıl və Ağdərə rayonunun bir hissəsinin işğaldan azad olunması Cocuq Mərcanlının bərpasını şərtləndirdi. Çünki Cocuq Mərcanlı təhlükə altında idi. Biz o strateji əhəmiyyətli yüksəklikləri xüsusilə də Lələ Təpə yüksəkliyini ələ keçirdik. Bu gün orada Azərbaycan bayrağı dalğalanır. O yüksəkliyi və digər əraziləri ələ keçirdikdən sonra hazırda ora Azərbaycan ordusu nəzarət edir. Təbii ki, onun da bir hissəsi Cocuq Mərcanlıdır. Əgər aprel hadisələri böyük qələbənin başlanğıcı idisə, Cocuq Mərcanlı böyük qayıdışın başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki Cocuq Mərcanlı kəndi uzun illər işğal altında olub və işğaldan azad edilib. 2016-cı ilin aprel hadisələrindən sonra isə ora artıq təhlükəsiz bir əraziyə çevrildiyindən cənab Prezidentin Sərəncamı ilə orada binaların inşa olunması, əhalinin ora köçürülməsi, infrastrukturun qurulması həyata keçirildi. Biz hesab edirik ki, Cocuq Mərcanlı bu hadisələrin başlanğıcı olacaq.

- Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Sizin bu barədə fikirlərini almaq istərdik?

- 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Prezident İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bununla yanaşı, bu il yanvarın 10-da dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildiriblər. Bu baxımdan, Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə hər zaman böyük hörmətlə yanaşıb. Prezidentin Sərəncamı ilə Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmasını, dünya miqyasında birinci müsəlman demokratik respublikasının nə qədər çətin şəraitdə yaradıldığını bildirən dövlət başçısı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci ildə imzaladığı Sərəncamda göstərilir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğal etməsi ilə Xalq Cümhuriyyətinin süqutu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda bərpası xalqımızın milli azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.

Yalnız 1993-cü ilin ikinci yarısından Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar onun Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan ilk parlamentli respublikanın əhəmiyyətini hər zaman uca tutduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verdiyinin bariz nümunəsidir.