"Ədəbiyyat biliciləri” yarışacaq

12 Yanvar 2018 14:49 (UTC+04:00)

Təhsil Nazirliyi artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil edilir: məktəb, rayon (şəhər) və ölkə mərhələləri. Müsabiqənin keçirilməsi “Qaydalar”ına əsasən, noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib. Yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində müsabiqənin ikinci – rayon (şəhər) mərhələsi təşkil olunacaq. Müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.