Doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil ŞANSI

11 Yanvar 2018 12:26 (UTC+04:00)

Təhsil İnstitutu doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil almaq imkanı yaradıb. Qurumdan SİA-ya verilən məlumata görə, 2017-2018-ci tədris ilində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə Təhsil İnstitutunda təhsil alanlar arasında fərqlənənlər üçün xaricdə mübadilə proqramları vasitəsi ilə tədqiqat aparmaq və təcrübə keçmək, yerli layihələrə cəlb olunmaq və təqaüd almaq imkanları yaradılıb.

Bildirilib ki, 2017-ci ilin dekabr ayının sonlarında Təhsil İnstitutu 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edib. Hazırda sənəd qəbulu davam edir. Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən İnstitutda hazırda aşağıdakı elm sahələri və ixtisaslar mövcuddur: təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, korreksion pedaqogika və pedaqoji psixologiya.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu 29 yanvara kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Təhsil İnstitutunun I korpusunda Elmi-pedaqoji kadr hazırlığı şöbəsində həyata keçirilir.