BŞTİ əməkdaşları üçün təlim

11 Yanvar 2018 11:27 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün “Microsoft Excel” proqramı üzrə təlim təşkil edilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim BŞTİ və Deloitte Audit Şirkəti arasındakı əməkdaşlıq çərçivəsində keçirilib.

Təlimin təşkil olunmasında əsas məqsəd iştirakçıların iş prosesində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaqdan, “Microsoft Excel” proqramı üzrə bilik və bacarıqlarını möhkəmləndirməkdən, həmçinin, onlara proqrama dair yeni məlumatlar verməkdən ibarətdir.

Deloitte Audit Şirkətinin mütəxəssislərinin moderatorluq etdiyi təlimdə iştirakçılara “Microsoft Excel” proqramı üzrə müxtəlif əməliyyatların yerinə yetirilməsi, mürəkkəb hesablamaların aparılması, diaqram və qrafiklərin qurulması ilə bağlı məlumat verilib. Təlim zamanı proseslər əyani şəkildə göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin, təlim çərçivəsində iştirakçılar arasında yarış keçirilib. Onlar “Microsoft Excel” proqramına dair sualları cavablandırıblar.

Yarışın nəticələrinə görə, daha çox suala cavab verən 3 iştirakçı hədiyyələrlə mükafatlandırılıb.