Bir daha "Xalqın şairi" layihəsi haqqında

26 Dekabr 2017 16:48 (UTC+04:00)

"12"-lər

"Xalqın şairi"nə seçilmişlər

Ruha hopub üzücü dərd-məlallar,

Çiyinlərdə qafiyəsiz çuvallar,

Guruldayır dambadurum suallar,

Gərək şair gur məşəli yandırsın,

Münsifə yad mətləbləri qandırsın.

Münsif dedi «ağ şeir» yaz, bəhri yar,

Minib Nuhun gəmisinə nəhri yar,

Burda çıxdı yaddan Vurğun, Şəhriyar,

Məhrum olsa qafiyədən incilər,

Yorğun ruhlar, duyğularmı dincələr?!

Bayatıdan, qoşmalardan doyublar,

Nasiranə gecələrə uyublar,

«Ağ şeir»lə şeri viran qoyublar,

Sənətdə bir inteqrasya davası,

Hər ürəkdə bir Avropa havası.

Görünmədi içlərində qolaylı,

Gözümüzə dəymədi hay-haraylı,

Deyilmədi nə qoşma, nə gəraylı,

Çəkinirlər «Onballığ»a düşməzlər,

Qafiyələr qəlibində bişməzlər.

Zili batıb, şeriyyətin bəmidi,

İndi sərbəst-mənsur şeir dəmidi,

Cənnət özü sərbəstlik aləmidi,

Rizvan sərbəst şeir deyib ağlayır,

Darvazanı qafiyəsiz bağlayır.

Bir anlığa gərginləşsə vəziyyət,

Hər bir münsif arar yeni məziyyət,

Söz də verər xiridara əziyyət,

İfadələr öləziyən bir işıq,

Şeyriyyətə verməz cüzi yaraşıq.

«12-lər» seçimdə nur çələngi,

Novruz günü ucalacaq gur cəngi,

Dərhal lider seçəcəklər pələngi,

Lider qurar «tələ istedadı»nı,

Alar həm də «Xalq şairi» adını.

25.12.2017

Mirzə Qərənfil

Şeir bülbülləri

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

1. Əksər finalçılar haqqında

Təmsil etmir biri səlis bülbülü,

Əvəzləyir bayquşnəfis bülbülü,

Biz görmədik burda xalis bülbülü,

Bir qüsuru yaxşısının, pisin də,

Cükküldəyər yanlış zil pərdəsində.

Cəh-cəh vurar: necə ləziz ifadə?

Lətafətli, əsrarəngiz ifadə,

Saf, dumduru, baldan təmiz ifadə,

Hər biri də sözdə çələng toxuyar,

Sonra qəsdən pəsdən xaric oxuyar.

Xoş bir təsir bağışlayar bəh-bəhlə,

Münsif dərhal naxışlayar bəh-bəhlə,

Yad ahəngi alqışlayar bəh-bəhlə,

Kürsüyə də qoşa-qoşa gələrlər,

Züy tutanda onlar cuşa gələrlər.

2. Qalib haqda

Deyil avaz avazlardan yuxarı,

Köntöy sözlər boğazlardan yuxarı,

Qalib deyil dayazlardan yuxarı,

O, inandı ancaq münsif kirvəyə,

Çünki onu o qaldırdı zirvəyə.

12.12.2017

Mirzə QƏRƏNFİL