Xəzər İbrahim İzmir valisinin müavini ilə görüşüb

18 Dekabr 2017 22:02 (UTC+04:00)

Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin əsas hissəsi İzmirin payına düşür. AZƏRTAC xəbər verir ki, bu fikir ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahimin İzmir valisinin müavini Uğur Kolsuz ilə görüşündə səslənib.

İzmir valiliyində keçirilən görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Türkiyəyə sərmayə yatırımının əsas hissəsi İzmiri əhatə edir. Qeyd olunub ki, bütün bu nailiyyətlər və perspektivdə olan çoxsaylı beynəlxalq iqtisadi layihələr ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.