Perunun Prezident Sarayında keçirilən sərgidə Azərbaycan da təmsil olunur

18 Dekabr 2017 20:17 (UTC+04:00)

Perunun birinci xanımı Nensi Langenin rəhbərliyi ilə Peruda Akkreditə Olunmuş Diplomatların Həyat Yoldaşlarının Assosiasiyasının (ACODAPE), həmçinin bu ölkədəki səfirliklərin dəstəyi ilə Respublika Prezident Sarayında sərgi açılıb. Sərgi Milad bayramı və müxtəlif ölkələrin ənənəvi bayramlarına həsr edilib.

Bir həftə davam edəcək bu tədbirdə Azərbaycan Novruz bayramı ilə bağlı təqdimatla təmsil olunur. Sərginin çoxsaylı qonaqları digər bayramlarla yanaşı, Novruz bayramının tarixi, ənənələri, bayram süfrəsi ilə tanış ola biləcəklər. Açılış günü tədbirdə Perunun birinci xanımı N.Lange, hökumət üzvləri və ölkənin digər yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Tədbir yerli televiziya və radio kanallarda geniş işıqlandırılıb. Qonaqlar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan məşhur bayramların ənənələri və rəngarəng atributları ilə tanış olmaq imkanı əldə ediblər.

Sərginin açılışından sonra Prezident Sarayının baş meydanında konsert keçirilib.