Naxçıvanda miqrasiya məsələləri uğurla həll olunur

18 Dekabr 2017 19:17 (UTC+04:00)

Bu gün ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi normativ-hüquqi aktlarla tənzimlənir. Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsindən bildiriblər ki, son illər muxtar respublikada həyata keçirilən uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlib, əlverişli coğrafi-strateji mövqeyi, mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi Naxçıvanı əcnəbilər üçün cəlbedici məkana çevirib. Ona görə də miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır.

Muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı diqqət mərkəzində saxlanılır, miqrasiya sahəsində qarşıda duran məsələlər uğurla həll olunur, miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Qanuni əsaslarla ölkəyə gələn hər bir əcnəbi nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etməlidir. Bunun üçün hər cür şərait yaradılmış və hüquqi baza formalaşdırılmışdır”.

Fəaliyyətini qeyd olunan tapşırıqlar əsasında quran Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini diqqətdə saxlayır. Xidmətdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə ölkədə olma müddətinin uzadılması, həmçinin ölkədə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin və sığınacaq axtaran şəxslərə qaçqın statusunun verilməsi sahəsində səmərəli iş mexanizmi yaradılıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim diqqətlə yanaşılır və bu istiqamətdə görülən işlər müasir standartlar səviyyəsinə çatdırılıb. Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu işlərin əyani sübutudur.

Xidmətin saxlama mərkəzində yaşayış yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir. Həmçinin qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantlar da mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciət edə bilərlər. Miqrantların saxlanıldığı otaqların şəraiti yüksək səviyyədədir. Saxlanma müddəti ərzində onlar qida və geyimlə təmin olunurlar. Bununla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün də şərait yaradılıb.

Müasir dövrdə dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər sosial-iqtisadi miqrasiyanın genişlənməsində təsirli rol oynamaqdadır. Miqrantlar əhalinin kifayət qədər dinamik və mobil qrupu olması səbəbindən onların sayı və gəlmə səbəbləri ilə yanaşı, həm də tərkibinə nəzər yetirilməsi və problemlərinə həssas yanaşma zəruridir. Belə ki, miqrantlar arasında müxtəlif yaş və sosial qruplara aid olan şəxslərin, eyni zamanda, müxtəlif dillərə, dinlərə, millətlərə və fərqli mədəniyyətə malik şəxslərin olması səbəbindən onların bütün zəruri ehtiyaclarının ən yaxşı formada həyata keçirilməsi diqqətdə saxlanılır.

Ölkəmizdə miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə sadələşdirilmiş formada aparılır. Bunun nəticəsində də muxtar respublikaya daxil olan əcnəbilər uzaq məsafə qət etmədən Dövlət Miqrasiya Xidmətinə müraciət etmək imkanı qazanırlar.

Dövlət Miqrasiya Xidməti vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə yerli televiziya kanalında və Naxçıvan şəhərinin ictimai yerlərində yerləşdirilən monitorlarda mütəmadi olaraq yenilənən maarifləndirici videoçarxların nümayişi təşkil edilir, sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis dillərində, yazılı və səsli) muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunur. Həmçinin əcnəbilərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Saytın Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi dünyanın istənilən yerindən hər bir əcnəbinin ondan rahatlıqla istifadə etməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərə “Elektron hökumət portalı” üzərindən 9 sahə üzrə xidmət göstərir. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilir. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Miqrasiya siyasətinin həyata keçirilməsində əsas məsələlərdən biri də burada yaşayan əcnəbilərin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, onların hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsinin təmin edilməsidir. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq, muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, turizm imkanları haqqında müxtəlif maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar təşkil olunur.

Muxtar respublikada miqrasiyanın idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, xidmətin əməkdaşları mütəmadi olaraq ölkə daxilində və xarici ölkələrdə təşkil olunan təlimlərdə iştirak edir, bu sahədə yüksək bilik və təcrübəyə yiyələnir. Bu da xidmət əməkdaşları tərəfindən öyrənilən təcrübənin bölüşdürülməsi və öz xidməti fəaliyyətlərində tətbiqi baxımından çox mühüm əhəmiyyət kəsb edir.