"İƏT ölkələri hər an bu qərarın icrasına başlaya bilər" AÇIQLAMA

18 Dekabr 2017 15:13 (UTC+04:00)

“İƏT ölkələrinin Qüdsə bağlı qərarı yaxın Şərqdə gedən proseslərə təsir edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, əgər ABŞ Qüdsdə öz səfirliyinin yerləşdirilməsi ilə bağlı əməli tədbirlərə keçsə, o zaman İƏT ölkələrinin də Şərqi Qüdslə bağlı hər hansı tədbir görməsi mümkündür: “Bildiyiniz kimi ötən həftə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı keçirilən toplantısında yekun Bəyannamə qəbul edildi. Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır. Bu baxımdan İƏT ölkələri hər an bu qərarın icrasına başlaya bilər”.

Politoloqun fikrincə, bütün hallarda baş verənlər Fələstinlə İsrail arasındakı dialoqa mənfi təsir göstərəcək: “Qüds İsrailin nəzarəti altındadır və burada hər hansı bir diplomatik nümayəndəliyin yerləşdirilməsi təbii ki problemlərə gətirib çıxara bilər. Lakin burada məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, İslam ölkələri Fələstinlə bağlı qərarlarda və yanaşmada bu məsələni tez-tez qabarda bilərlər ki, bu da Fələstin-İsrail dialoqunun inkişafına mənfi təsirini göstərəcək. Hesab edirəm ki, vəziyyət daha çox diplomatik və ya siyasi ritorika səviyyəsindən əməli işlərə keçməyəcək. İndiki şəraitdə belə görünür. Çünki, həssas məsələlərlə bağlı hər hansı qərarlar bütün hallarda zəncirvarı reaksiya yaradır. Qəbul edilən qərarlardan sonra müəyyən addımlar atılmağa başlayır ki, bu da dalana dirənən dialoqu daha da mürəkkəb vəziyyətə salır və məsələnin həllinə daha da mane olur".