Məscidlərdə işləyənlər maaş alacaqlar

18 Dekabr 2017 11:25 (UTC+04:00)

Məscidlərdə çalışan din xadimləri fevraldan maaş ala bilərlər. SİA-nın məlumatına görə. bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimləri rəsmi şəkildə əməkhaqqı alacaqlar: "Əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur. Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar. Əmək haqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var. Bu günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının direktor və heyəti açıqlanacaq".

Ceyhun Rasimoğlu