“Gələcəyin sağlam əsgəri” tədbiri keçirilib FOTOLAR

15 Dekabr 2017 11:02 (UTC+04:00)

Dekabrın 14-də Bakı şəhərindəki 91 saylı məktəbdə (Səbail rayonu) “Gələcəyin sağlam əsgəri” layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi verdiyi fərdi layihənin rəhbəri Amil Şirinli çıxışında bu dəstəyə görə təşəkkür edib, belə təşəbbüslərin dəstəklənməsinin gənclər arasında vətənpərvərlik hisslərini gücləndirəcəyini deyib. O, gənclər arasında bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin yetişməkdə olan nəslin özünə daha yüksək inama səbəb olacağını bildirib. Layihə rəhbəri qeyd edib ki, gənclər arxalarında dövlətin dəstəyini gördükdə sabaha ümidləri daha da möhkəmlənir.

“Layihəmizin əsas məqsədi gənclərin maarifləndirilməsi, psixoloji hazırlığın təmin edilməsi və bununla orduda xidmət edəcək sağlam gəncliyin formalaşdırılmasıdır. Gənclər aparıcı qüvvədir. Sağlam gənclik isə dövlətin gələcəyinin təminatıdır. Gənclərimizin hərtərəfli inkişafı üçün dövlət gənclər siyasəti çərçivəsində geniş imkanlar yaradılır”, - deyə Amil Şirinli bildirib.

Daha sonra çıxış edən məktəbin direktoru Svetlana Zülfüqarova da dövlətin gənclərə qayğısı, hərbi vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, əlavə edib ki, Prezident İlham Əliyevin yetişməkdə olan gənclərə üstün diqqət ayırması bu insanların dövlətə daha möhkəm bağlanmasına səbəb olur.

“Bizim gənclər xoşbəxtdir ki, onların xoşbəxt sabahına məhz Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev təminat verir. Biz inkişaf etməkdə olan, daim yenilənən Azərbaycanın vətəndaşları kimi çox şanslıyıq”, - deyə direktor Svetlana Zülfüqarova qeyd edib.

Tədbirdə ekspert qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də öz fikirlərini bölüşüb.

“Hazırda Azərbaycan gəncliyi yaradılmış münbit hüquqi bazaya söykənərək ölkəmizin çiçəklənməsində mühüm rol oynayır. Bu göstərici istər elm, səhiyyə və mədəniyyət kimi bir çox sahələrdə, istərsə də ordu quruculuğunda müşahidə olunur. Bu kriteriya ilə gənclərin ordumuzun daha da möhkəmlənməsində xidmətini gücləndirmək hər zaman diqqət mərkəzində saxlanılır”, - deyə Emin Həsənli bildirib.

Əlavə edək ki, “Gələcəyin sağlam əsgəri” layihəsinin əsas məqsədi Azərbaycan ordusunda xidmət edəcək gənclərin xidmətə başlamazdan öncə ideoloji və psixoloji hazırlığının təmin edilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində tədbirlər davam edəcək.