Gömrükdə zərgərlik məmulatları tutuldu

14 Dekabr 2017 09:42 (UTC+04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın əl yükünə təkrar yoxlama keçirilib.

Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan külli miqdarda gümüş zinət əşyaları aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 14 kq 191,02 qr olan 925 əyarlı gümüş xəlitəsindən hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.