“N” saylı hərbi hissədə “Şəhadət” filmi nümayiş etdirilib

9 Dekabr 2017 15:59 (UTC+04:00)
Bu gün Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə şəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov çıxış edərək sənədli filmin əhəmiyyətini yüksək qiymətləndirib. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən qorumağın, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib.

DQİDK sədrinin müavini Səyavuş Heydərov “Şəhadət” filminin süjet xəttində göstərilən, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizdən və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında ətraflı çıxış edib. S. Heydərov gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.