UNESCO təsdiqlədi: “dolma” sözü “doldurma” türk sözündən yaranıb

8 Dekabr 2017 00:21 (UTC+04:00)

Hələ 2014-cü ildə Azərbaycan Ermənistanın çar Tiqranın dövründən başlayaraq əsrlərboyu başqa xalqların nailiyyətlərini mənimsəyərək və onları qədim ermənilərin ixtiraları kimi qələmə verərək UNESCO-da rəsmiləşdirmək cəhdinin qarşısını almışdı. Xatırladaq ki, o vaxt Ermənistan “lavaşın ənənəvi erməni çörəyi” kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması üçün UNESCO-ya müraciət etmişdi. Lakin Azərbaycan nümayəndə heyəti əsaslandırılmış şəkildə etirazını bildirərək komissiyaya izah etdi ki, lavaşı bir sıra səbəblərdən heç cür “erməni çörəyi” adlandırmaq olmaz. Əvvələn, “Lavaş: ənənəvi ERMƏNİ ÇÖRƏYİNİN hazırlanması, əhəmiyyəti və xarici görkəmi mədəniyyətin ifadəsi kimi” şəklində ilkin ifadə bu sifarişin müəlliflərinin etirazına baxmayaraq, “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görkəmi ERMƏNİSTANDA mədəniyyətin ifadəsi kimi” sözləri ilə əvəzləndi. Beləliklə, UNESCO lavaşın “erməni çörəyi” olması barədə iddianı rədd etdi və yalnız onu qeyd etdi ki, lavaşı Ermənistanda yeyirlər. Əslində bu, həqiqət idi. Bəli, yeyirlər. Lakin nə olsun? Baxın, Marşall adalarında da ketçup ilə çizburger yeyirlər.

İki ildən sonra, 2016-cı ildə isə Efiopiyanın paytaxtında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin qorunub saxlanması üzrə 11-ci Hökumətlərarası Komitəsinin iclasında bu məsələyə nöqtə qoyuldu və Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyənin lavaş, katırma, jupka, yufka adlanan kökənin Reprezentativ Siyahıya daxil edilməsi barədə birgə müraciəti bəyənildi (bax: http://www.unesco.org/culture/ich/en/RL/flatbread-making-and-sharing-culture-lavash-katyrma-jupka-yufka-01181).

Təbii ki, ermənilər növbəti məğlubiyyət rüsvayçılığını həzm edə bilmədilər və əgər şivən qoparmasaydılar, heç erməni olmazdılar. O cümlədən öz ölkəsinin əhalisini axmaq yerinə qoyaraq onlarda ümid yaradırdılar ki, ermənilərin əksəriyyəti ilk mənbəni təkrar-təkrar yoxlamaq əvəzinə, çox güman ki, öz nazirlərini eşidəcəklər. Məsələn, Ermənistan mədəniyyət nazirinin müavini Arev Samuelyan elan etdi ki, “erməni lavaşı”nın UNESCO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi barədə müraciət ekspertlər tərəfindən “yekdilliklə və ifadə forması dəyişdirilmədən” qəbul olunub. UNESCO-nun milli komissiyasının Ermənistandakı katibi Vaqram Kajoyan da öz vəzifəsində qalmaq üçün bir qədər yalan danışmalı olub. O deyib: “Sirr deyil ki, bəzi qonşularımız bizim müraciəti və milli hesabatı ləğv etməyə böyük ümid bəsləyirdi, lakin buna baxmayaraq, biz uğur qazandıq”.

Onların hər ikisinin həyasızcasına yalan danışmasını və özlərinin hər şeyi qəbul edən, zombiləşdirilmiş cəmiyyətini aldatmasını yəqin etmək üçün iki mətnə – Yerevanın ilkin müraciətinin mətnindəki “Lavash, the preparation, meaning and appearance of TRADITIONAL ARMENIAN BREAD (!) as an expression of culture” ifadəsinə və UNESCO tərəfindən qəbul edilmiş, onun saytında dərc olunmuş son sənədin mətnindəki “Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture IN ARMENIA” ifadəsinə nəzər salmaq kifayətdir (bax: https://ich.unesco.org/en/RL/lavash-the-preparation-meaning-and-appearance-of-traditional-bread-as-an-expression-of-culture-in-armenia-00985).

Əlbəttə, ermənistanlı nazir müavini yalanı ifşa ediləndən sonra çətin ki, özünə gələ bilsin. Lakin bizim köynəyimizi yırtmağa və ermənilərə məmurların onları aldatdığını başa salmağa dəyərmi ki, həm nazir müavininin öz xalqına yalan danışmaqdan, həm də sadə ermənilərin bu yalanı sevinə-sevinə qəbul etməkdən xoşu gəlir. Bizim bunu izah etməyimizə dəyər? Bir də ki, biz indiyə qədər adamların yalana inanması, hətta bu yalan ifşa ediləndən sonra da onu rahatca qəbul etdiyi hallarla üzləşməyimiz az olub? Bu yerdə futbol üzrə Qafqaz yığması barədə bir lətifə yada düşür: həmin komandada qapını qorumaq bir erməniyə tapşırılır. Ona qol vursan belə, bunu sübut edə bilmirsən. Buna görə də əgər ermənilər özlərinin yalançı nazir müavininə inanmağı iki sənədin mətnindəki aşkar fərqi görən öz gözlərinə inanmaqdan üstün tuturlarsa, onlara ümumiyyətlə nəyisə sübut etməyə çalışmağa dəyərmi? Sizi aldadırlar, canınız sağ olsun. 2014-cü ildə bizim üçün əhəmiyyətlisi UNESCO səviyyəsində qəbul edilmiş sənəddən “erməni çörəyi” barədə ifadəni çıxarmaq, sonra, 2016-cı ildə isə biz özümüz də daxil olmaqla, bu cür çörək bişirən bir sıra başqa xalqların adını əlavə etmək idi və belə də oldu.

Qoy, Ermənistanın mədəniyyət nazirinin müavini Arev Saumelyan yalan danışmaqda davam etsin. Gözləri açıq olan hər kəs görə bilər ki, Ermənistanın ilkin müraciəti rədd edilib və Azərbaycanın və Türkiyənin etirazı nəticəsində dəyişilmiş formada qəbul olunub.

Bu həftə Koreyanın paytaxtında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin qorunub saxlanması üzrə 12-ci Hökumətlərarası Komitəsinin iclasında ermənilərin özgəsinə məxsus olanları oğurlamaq ənənəsinə növbəti zərbə vuruldu. Azərbaycanın dolma haqqında müraciəti qəbul edildi. Özü də müraciət olduğu kimi qəbul edildi. Bu, ilkin mənbədə də görünür:https://ich.unesco.org/en/RL/dolma-making-and-sharing-tradition-a-marker-of-cultural-identity-01188.

Xüsusi vurğulamalıyıq ki, Bakı ermənilər üçün əlçatmaz olan və onlara məlum olmayan yüksək dərəcədə nəciblik nümayiş etdirərək, müraciətin mətnində xörəyin adının mənşəyi ilə yanaşı, bir faktı da qeyd edib ki, bu xörək Azərbaycan Respublikasının bütün regionlarında hazırlanır! Bu cümlədə ermənilərə iki eyham var: birincisi, əgər “dolmanı sevirsənsə”, burada heç bir qeyri-adi məsələ yoxdur – Dağlıq Qarabağ məhz Azərbaycan Respublikasının belə regionlarından biridir. İkincisi, əgər dolmanı xoşlayırsınızsa, yeyin, nuş olsun, amma bu sözün “doldurma” kökünü unutmayın. Amma əgər birdən unutsanız, onda UNESCO sizə xatırladacaq.(AZƏRTAC)