Ərdoğan: "Heç bir qonşu ölkəyə ərazi iddiamız yoxdur"

7 Dekabr 2017 21:01 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edib. Səfər zamanı Yunanıstan Prezidenti Prokopis Pavlopulos və Baş nazir Aleksis Tsiprasla görüşlər keçirilib.

Prezident Prokopis Pavlopulosla keçən görüşdə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Lozanna sazişinə yenidən baxılmasının vacibliyini bildirib. Qeyd edib ki, 1923-cü ildə imzalanmış Lozanna sazişi 94 il bundan əvvəl yazıldığına görə, bəzi incəliklərə yenidən baxılması zəruridir və bu saziş yalnız Türkiyə və Yunanıstanı deyil, digər 11 ölkəni də nəzərdə tutur. Prezident beynəlxalq təcrübəni əsas götürərək sazişlərin yenilənməsi təcrübəsinə toxunub. Baş nazir Aleksis Tsiprasın Rəcəb Tayyib Ərdoğanla görüşündə isə Türkiyə Prezidenti bildirib ki, ölkəsinin heç bir qonşu ölkəyə ərazi iddiası yoxdur.

Qeyd edək ki, 65 ildə birinci dəfədir ki, Türkiyə Prezidenti Yunanıstana səfər edir. Rəcəb Tayyib Ərdoğan 2004 və 2010-cu illərdə Baş nazir vəzifəsində Yunanıstana rəsmi səfər etmişdir.