Lavrov və Tillerson Qarabağdan danışıb

7 Dekabr 2017 14:59 (UTC+04:00)

"Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımını davam etdirəcək". SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək göstərəcəyinə ümid etdiyini bildirib: "ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

Bunu isə ABŞ dövlət katibi Reks Tillerson ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.