İxrac missiyamız Ciddədir

7 Dekabr 2017 14:42 (UTC+04:00)

Növbəti ixrac missiyamız Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunub. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, ixrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərfəli görüşlər zamanı “Kerkom” şirkəti Azərbaycan balının, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar. “Milk-Pro” şirkəti isə “Sunbulah Group” distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.

Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində də olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.