Siyasi şərhçi: “Vətəndaşların dövlətə olan etimadı çox böyükdür” AÇIQLAMA

7 Dekabr 2017 14:18 (UTC+04:00)

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, bu sorğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə həyata keçirilib: “Bu kimi sorğular daha öncə digər Şərq Tərəfdaşlığına üzv olan ölkələrdə də keçirilib. Nəticələr baxımından Azərbaycan ən yüksək göstəricilərə malikdir. Azərbaycan vətəndaşlarının dövlətə olan etimadı çox böyükdür. Şübhəsiz ki, bu da Azərbaycanda həyata keçirilən layihələrdən və Azərbaycan dövlətinin sosial dövlət olmasından qaynaqlanır. Digər tərəfdən Azərbaycan bu günə kimi beynəlxalq müstəvidə, ölkə daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu da dövlətin həm beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə, eyni zamanda vətəndaşların etimadının artmasına səbəb olur. Təbii ki, burada rol oynayan əhəmiyyətli faktorlardan biri də Azərbaycan vətəndaşlarının kifayət qədər vətənpərvər olmaları, öz dövlətlərini sevmələri, regionda və dünyada baş verən prosesləri dərk etmələri, bütövlükdə isə Azərbaycan dövlətinin gələcəyinə inam bəsləmələri ilə bağlıdır.

Kifayət qədər nüfuzlu bir təşkilatın korporasiyasının həyata keçirdiyi bu sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə investisiyaların cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda bu faktor dünyaya Azərbaycan vətəndaşlarının dövlətə olan münasibətini, həmçinin öz gələcəklərinə, dövlətin gələcəyinə olan münasibətlərini ortaya qoyur. Bu da siyasi dəyərləndirmələrdə çox mühüm faktor kimi qiymətləndirilməlidir”.