Roma şəhərinin meri Azərbaycanla bağlı məlumatlandırılıb

7 Dekabr 2017 13:18 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova İtaliyanın paytaxtı Roma şəhərinin meri Virginia Raggi ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, görüşdə İtaliya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib, Roma şəhərinin meri xanım Virginia Raggi Azərbaycanın son illərdə qazandığı uğurlar barədə məlumatlandırılıb.

Sahibə Qafarova son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, Bakının yerləşdiyi regionun və qitənin çox önəmli mərkəzlərindən birinə çevrildiyini söyləyib. Azərbaycan paytaxtının siyasi, mədəni, idman sahələrində mühüm tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan deputat bildirib ki, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, bu il isə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyəli təşkilatçılığı bütün iştirakçı dövlətlərin nümayəndələri tərəfindən xüsusi vurğulanıb. Həmçinin Qlobal Bakı Forumu, humanitar forumlar dünyada dinlər və mədəniyyətlər arasında əməkdaşlığın genişlənməsinə, sülh və təhlükəsizliyin güclənməsinə mühüm töhfələr verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı, həmçinin Təhsil və Peşə Sistemləri Departamentinin rəhbəri Raffaele Ciambrone, Ali Təhsil və Tədqiqat Departamentinin rəhbəri Domeniko De Martinis və İtaliya Təhsil Nazirliyinin məsləhətçisi Silvia Martuscielli ilə olub. Görüşlərdə İtaliyada miqrantların təhsil məsələləri barədə fikir mübadiləsi aparılıb.