Bəzi qanunlara texniki dəyişikliklər edilir

24 Noyabr 2017 17:35 (UTC+04:00)

Bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. komitə sədri Hadi Rəcəbli əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib. SİA-nın məlumatına görə, iclasda “Həmkarlar İttifaqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda, həmçinin Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb. Bildirilib ki, təklif olunan bütün dəyişikliklər texniki xarakter daşıyır.

Qeyd edilib ki, “Məşğulluq haqqında” Qanunun 29.2-ci maddəsində “təqsirkar olan şəxs” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə olunur. “Həmkarlar İttifaqları haqqında” Qanunun 20-ci maddəsində isə “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözləri əlavə edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair qanun layihəsinə əsasən məcəllənin bir sıra maddələrində texniki dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, Əmək Məcəlləsinin 209-cu, 217-ci və 237-ci maddələrində “tədqiq edilməsi”, “tədqiqi”, “təhqiqatın aparılması” sözləri “araşdırılması” sözləri ilə əvəz edilir, “və onun təhqiqatının aparılması” sözləri çıxarılır, “tədqiqatı”, “təhqiqat”, “təhqiqinin”, “təhqiqində” sözləri müvafiq olaraq “araşdırılması”, “araşdırma”, “araşdırılmasının”, “araşdırılmasında” sözləri ilə əvəz olunur. Həmçinin 310-cu maddədə “fiziki” sözü çıxarılır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.