Muxtar Respublika çempionatında ilk dövrə başa çatıb Futbol

24 Noyabr 2017 14:17 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublika Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVI muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub. Çempionatın ilk dövrəsini “Araz-Naxçıvan” maksimum xalla başa vurub.

Yeddinci turda “Sədərək” komandasının qonağı olan “qırmızı-ağlar” meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər. Dövrənin son matçında isə Naxçıvan təmsilçisi Şahbuzun “Batabat” komandasını sınağa çəkib və rəqib qapısından 6 cavabsız top keçirib. Turnir cədvəlində onların ən yaxın izləyicisi isə Naxçıvan Dövlət Universitetinin komandasıdır. Tələbələr son iki turu qələbə ilə başa vurmaqla buna müvəffəq olublar. Öncə Kəngərli təmsilçisini 7 dəfə mərkəzə dəvət edən NDU (2:7), son turda “Dübəndi” komandası qarşısında çətinliklə 3 xal əldə edib – 2:1.

Son iki görüşdə xal itkisi “Babək” komandasını dördüncü pilləyə salıb. Culfanın “Əlincə” komandası isə bundan maksimum istifadə edib. Belə ki, son iki turda əldə edilən 4 xal culfalıları ilk üç pillədə qərarlaşdırıb.

Şərurun “Arpaçay”, Şahbuzun isə “Batabat” komandaları cari mövsümdə autsayderlərdir.

Cari mövsümün bombardirlərinə gəlincə, “Araz-Naxçıvan”ın hücumçusu Turqay İbrahimov və Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimovun aktivində 11 qol var.