Səudiyyə Ərəbistanı bu təşkilata bir milyon dollar ianə edib

23 Noyabr 2017 04:05 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Beynəlxalq Dəniz Təşkilatının (IMO) fəaliyyətinə dəstək göstərmək üçün ona bir milyon dollar ianə edib. Bu barədə məlumatı SPA dövlət informasiya agentliyi yayıb. İki Müqəddəs Ocağın Xadiminin Böyük Britaniyadakı səfiri əmir Məhəmməd ibn Nəvaf ibn Əbdüləziz maliyyə yardımı haqqında məktubu Londonda Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Limə təqdim edib.

IMO-ya ianə bu qurumun fəaliyyətini, o cümlədən dəniz sektorunda hazırlıq əməliyyatlarını, piratlığa və dəniz gəmiçiliyinin təhlükəsizliyinə təhdidlərə qarşı mübarizəni maliyyələşdirmək, habelə IMO yanında kompleks texniki əməkdaşlıq proqramlarını və digər fəaliyyəti dəstəkləmək üçün nəzərdə tutulur.

Bildirilir ki, bu addım üç qitəni birləşdirən strateji mövqeyi sayəsində Krallığın dünyanın logistik mərkəzinə çevrilməsinə tuşlanan “Səudiyyə Ərəbistanı Krallığının baxışları -2030” strategiyasına uyğundur.

Səudiyyə Ərəbistanının ianəsi Hind okeanının qərbindəki Ədən körfəzində dəniz gəmiçiliyinin təhlükəsizliyini təhdid edən piratlığa qarşı mübarizədə Cibuti Respublikasını dəstəkləməyə və Afrikanın qərbində və şərqində piratlığa qarşı mübarizəyə yönəldiləcək.

IMO-nun baş katibi Kitak Lim təsdiq edib ki, Səuydiyyə Ərəbistanı beynəlxalq təşkilatla birlikdə ciddi işlər görür. Baş katib ümidvar olduğunu bildirib ki, Krallıq təhlükəsizliklə bağlı olan bütün sahələrə böyük dəstək göstərməyə davam edəcək.