“Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” adlı seminar keçirilir

17 Noyabr 2017 18:58 (UTC+04:00)

Noyabrın 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Qubada keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar işinə başlayıb.SİA-nın verdiyi məlumata görə, ikigünlük seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, elm və din xadimləri, gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər.

Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif səpkili tədbirlər, konfranslar, seminar-müşavirələrin həyata keçirildiyini bildirib. Sədr müavini bügünkü seminarın məhz dini radikalizmlə mübarizə çərçivəsində şimal-şərq bölgəsinin gənclərinin potensialından daha səmərəli istifadə edilməsinə nail olmaq və fəal iştirakına şərait yaratmaq məqsədilə keçirildiyini diqqətə çatdırıb. G.İsmayılov din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə cəmiyyətin, xüsusilə gənclərin mütəmadi məlumatlandırılmasının önəmini qeyd edib. O, bu məqsədlə gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür. Sədr müavini bu baxımdan əhəmiyyət kəsb edən seminar çərçivəsində gənclərə mövcud dini durum, ölkəmizdə məhz gənclərə yönəlik dini təriqətlərin, qrupların fəaliyyətinin mahiyyəti barədə mümkün informasiyaların veriləcəyini qeyd edib.
Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “İslam həmrəyliyinin dini ekstremizm və radikalizmlə mübarizədə rolu”, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinovun “Dini radikalizmin yaranmasında məzhəb təəssübkeşliyi amili” mövzusunda məruzələri dinlənilib.
Çıxışçılar məruzələrində gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması və gənclərin dini dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması haqqında gənclərə ətraflı məlumat veriblər.
Qeyd edək ki, seminarın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində”, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov isə “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzələrlə çıxış edəcəklər. Eyni zamanda, DQİDK-nın sifarişi əsasında çəkilmiş və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi olacaq.