YAP-ın 25 illik yubileyinə həsr edilmiş mini-futbol turnirinin açılış mərasimi olub

17 Noyabr 2017 14:58 (UTC+04:00)

Bu gün Şağan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyinə və "Qarabağ" futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətlərə dəstək olaraq media və incəsənət nümayəndələri arasında mini-futbol turnirininin açılış məraismi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Gənclər və İdman Nazirliyinin (GİN) sektor müdiri, turnirin təşkilat komitəsinin sədri Aydın Məmmədov, GİN-nin futbol sektorunun müdiri Fikrət Hüseynov, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) və AFFA-nın nümayəndəsi, turnirin baş hakimi Anar Salmanov iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra GİN-nin futbol sektorunun müdiri Fikrət Hüseynov YAP-ın ölkəmiz üçün önəmindən və "Qarabağ" klubunun uğurlarından danışıb.

Daha sonra SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının ölkəmiz üçün həyati əhəmiyyətindən söz açıb. O, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 25 illik şərəfli yoldan danışıb. Media Qrupun rəhbəri YAP-ın Qafqazın ən böyük partiyası olduğunu, bu gün Azərbaycan xalqının partiyaya böyük etimad göstərdiyini vurğulayıb: "Gənclərimiz Yeni Azərbaycan Pariyasının yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin ideyalarını və siyasi kursunu uğurla davam etdirən dövlət başçımız İlham Əliyevin ətrafında sıx birləşib. Onlar hər an Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqlarımızı azad etməyə hazırdırlar".

O, "Qarabağ" klubunun Çempionlar Liqasında göstərdidiyi tarixi nailiyyətlərdən və ölkəmizdə idmanın inkişafından danışıb. Media Qrupun rəhbəri "Qarabağ" klubunun Avroliqada uğurlu çıxışının Azərbaycanda komanda idman növlərinin də inkişaf etdiyinin göstəricisi olduğunu vurğulayıb.

B.Quliyev yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra YAP-a həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, turnir idmanın ölkəmizdə daha da kütləviləşməsi, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparacaq. Yarışda media, mədəniyyət nümayəndələri və ADBTİA-nın tələbələrindən ibarət komandalar çıxış edəcəklər. Turnirin qaliblərinə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Yarışın final oyunu noyabrın 18-da keçiriləcək.