Siyavuş Novruzov: " Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqadır"

17 Noyabr 2017 12:46 (UTC+04:00)

“Azərbaycan müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar: “Bu Azərbaycan xalqının tarixidir. Bu Azərbaycana məxsusdur. Kimsə partiyasının adını keçmişdə fəaliyyət göstərmiş bir partiyanın adı ilə adlandırsa da, bu, o partiya deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan, Azərbaycan xalqının tarixində olan partiyadır. Bugünkü Müsavatla, o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxtı bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. AXC dövründəki Müsavat Partiyası Azərbaycan xalqının partiyasıdır və qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.