90 yaşlı ağır xəstənin mədəsində uğurlu əməliyyat

17 Noyabr 2017 11:06 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub. Universitetin mətbuat xidmətindən SİA-ya bildirilib ki, xəstənin mədəsinin kordial hissəsinin qida borusu və mədəaltı vəziyə sirayət edən, ətraf limfa düyünlərinə yayılan bədxassəli şiş olub.

ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, daha əvvəl müxtəlif klinikalarda müayinələrdən keçmiş xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüks riskli xəstə olmasına görə radikal əməliyyatın icrasından imtina olunmuşdur: "Düzünü deyim k, mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulmuşdur. Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur".

E.Ağayevin sözlərinə görə, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir.
Həkim bildirdi ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir.