Səfirimiz Pakistanın Sind əyalətində görüşlər keçirib

17 Noyabr 2017 10:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Sind əyalətinə səfəri zamanı Kəraçi Sənaye və Ticarət Palatasının sədri və üzvləri ilə görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, səfir Əli Əlizadə Azərbaycanla Pakistan arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, Pakistanın da böyük ölkə kimi geniş bazara və imkanlara malik olduğunu bildirib, cari ilin 9-12 noyabr tarixlərində Kəraçi şəhərində keçirilmiş iqtisadi-ticari sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini və qarşılıqlı iş imkanlarını araşdırdıqlarını qeyd edib.

Azərbaycanda həyata keçirilən iqtisadi və ticari layihələr, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanları, xarici investorlar üçün yaradılan münbit şərait, sənaye, texnologiya parkları və orada iş adamlarına verilən güzəştlər, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında məlumat verən səfir Əli Əlizadə Pakistanın Sind əyalətinin iş adamlarını Azərbaycana səfər edib ölkəmizin iqtisadi potensialı ilə tanış olmağa və sərmayə yatırmağa dəvət edib. Sind əyalətinə səfər zamanı səfir həmçinin, Pakistanın sabiq prezidenti Asif Əli Zərdari və Pakistan Qəzetlər Cəmiyyətinin prezidenti, Jang qəzetlər qrupunun icraçı direktoru Sarmad Əli ilə də görüşlər keçirib.