Avtomobil qaçıranlar tutuldu

15 Noyabr 2017 11:47 (UTC+04:00)

Ötən gün respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları “isti izlər”lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər. SİA-nın verdiyi məlumata görə, noyabrın 14-də saat 2.00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən kənd sakini Mikayıl Nəsirova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.

Noyabrın 14-də saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən kənd sakini Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə RPŞ-yə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib.

Zaqatala və Qax RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyən edilib.

Göstərilən faktlarla bağlı müvafiq araşdırmalar aparılır.