Şövkət Ələkbərovanın 95 illik yubileyi ilə əlaqədar konsert təqdim olunub FOTOLAR

15 Noyabr 2017 11:36 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Ələkbərovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Baş İdarənin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə məktəbin müəllimi Cəfərova Lalə mərhum sənətkarın şərəfli ömür yolundan və yaradıcılıq fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Şövkət Ələkbərovanın repertuarındakı Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları, həmçinin də “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamların milyonlarla insan tərəfindən sevə-sevə dinlənildiyini və onun mahir muğam və mahnı ifaçısı olduğunu xüsusi vurğulayıb.

Daha sonra məktəbin şagirdlərinin ifasında Ş.Ələkbərovanın repertuarından mahnılar səsləndirilib.

Çıxış edən rəis müavini Nazim Əliyev və məktəbin direktoru Sevda Məmmədova Şövkət Ələkbərovanın Azərbaycanın musiqi mədəniyyətinin əvəzedilməz nümunəsi və qadın ifaçılıq sənətinin banilərindən biri olduğu qeyd edərək, konsertdə ifa edən bütün uşaqları təbrik ediblər.

Sonda sənətkarın gəlini T.Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərova ailəsi adından tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.