Çindən gələn yük avtomobilindən narkotik çıxdı

15 Noyabr 2017 10:59 (UTC+04:00)

Gömrükdə yük avtomobilində narkotik tapılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.

Gömrük nəzarəti zamanı xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.

Nəticədə, kabinədə sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.