Masallıda Rusiya bazarları üçün istixana pomidoru yetişdirilir

15 Noyabr 2017 06:19 (UTC+04:00)

Masallı rayonunda Rusiya bazarları üçün istixana pomidorları yetişdirilir. Bu barədə Trend-ə açıqlamasında Masallı rayonundan olan sahibkar İlkin Şükürov məlumat verib. İş adamı bildirib ki, istifadəsində olan istixana 4,5 hektar sahəni əhatə edir: "Pomidor toxumunu Türkiyədən alıram. İstixanada yetişdirdiyimiz məhsulu Rusiya bazarlarına göndəririk. Ehtiyac yarananda məhsulumuzu daxili bazara da satırıq. Hər hektardan minimum 170-180 ton pomidor götürürük".

Sahibkar qeyd edib ki, istixanada əsasən yerli əhalidən ibarət işçi qüvvəsi çalışır: "Yeli sakinlərdən ibarət briqadamız var. Lazımı işləri onlar görür. Sahənin şumlanması və digər işlər üçün texnikalarımız var. Pomidorun becərilməsi üçün üzvi gübrələri bazardan alırıq". İş adamı əlavə edib ki, 5 ildir xaricə pomidor ixracı ilə məşğuldur və hər il 700 tona yaxın məhsulu xarici bazarlara göndərir.