UEFA: "Danışılmış oyunlarla bağlı AFFA-ya hesabat daxil olub"

14 Noyabr 2017 20:19 (UTC+04:00)

UEFA-dan Azərbaycanda 2017/2018 mövsümündəki danışılmış oyunlarla bağlı AFFA-ya hesabat daxil olub. Bu barədə “Report”a UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov məlumat verib.
O, bildirib ki, hesabat I Divizionun oyunları ilə bağlıdır. K.Cəbrayılov bu işə hüquq-mühafizə orqanlarının da cəlb ediləcəyini söyləyib: “Daxil olan məlumatlar bizim ekspertlər tərəfindən araşdırılır. Cinayət Məcəlləsinə edilən dəyişikliklər əsas verir ki, bu məsələ ilə tək biz məşğul olmayaq, işə hüquq-mühafizə orqanlarını da cəlb edək. Araşdırmanın yekununda real faktlar üzə çıxarsaq, detalları hüquq-mühafizə orqanlarına təqdim edəcəyik ki, istintaqı təşkil etsinlər və bu işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun davam etdirsinlər”.

K.Cəbrayılov deyib ki, danışılmış oyunlarda iştirak etmiş klubların adları, belə görüşlərin və komandaların sayı məxfidir. Lakin araşdırmaların yekunu ilə bağlı ən qısa zamanda məlumat veriləcək: “Ekspert rəyi olmadan rəsmi açıqlama verməyim doğru olmaz. Cinayət işi başlanacağı təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcək. Məqsədimiz araşdırmaları mümkün qədər tez başa çatdırmaqdır. Hesabat bizə yeni daxil olub. Oyun 90 dəqiqə olsa da, bəzi epizodlara təkrar baxmaq lazımdır. Ən qısa zamanda açıqlama veriləcək”.

UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi hələlik UEFA-dan Azərbaycan Premyer Liqası ilə bağlı məlumatın daxil olmadığını, lakin bu liqadakı matçları da yaxından izlədiklərini bildirib.

Qeyd edək ki, bu ilin martında UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla əlaqədar tövsiyyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirakı qismən sübut edilən 9 oyunçuya 2016/2017 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib. Adları danışılmış oyunlarda ən çox hallanan “Rəvan” və “Şərurspor” I diviziondan kənarlaşdırılıb. Həmçinin, “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Hakim Anar Niyazovun futbola aid hər bir məşğuliyyətinə ömürlük qadağa qoyulub. “Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə cəzalandırılıb.