Naxçıvan Ali Məclisinin sədri Rumıniya səfiri ilə görüşüb

14 Noyabr 2017 17:29 (UTC+04:00)

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Ali Məclisin Sədri ölkəmizə səfir təyin olunması münasibətilə Dan İankunu təbrik etdi, Azərbaycan-Rumıniya əlaqələrinin inkişafında və diplomatik münasibətlərin möhkəmləndirilməsində ona uğurlar arzuladı. Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdırdı, iqtisadi və təhsil sahəsində əlaqələrin qurulması üçün imkanların olduğunu vurğuladı.

Səmimi görüşə görə minnətdarlıq edən Dan İanku əlamətdar tarixdə - Dövlət Bayrağı Gününün qeyd edildiyi günlərdə muxtar respublikaya səfərindən məmnunluğunu bildirdi. Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə, eləcə də müasir inkişaf potensialına malik olduğunu bildirən səfir muxtar respublika ilə müxtəlif sahələrdə əlaqələrin qurulmasında və inkişafında səylərini artıracağını qeyd etdi.