Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nə vəd edir? EKSPERT ŞƏRHİ

14 Noyabr 2017 11:48 (UTC+04:00)

“Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun yaradılması, ölkəyə daxil olan, və ya buradan çıxarılan məhsulların insan üçün təhlükəsiz olaraq mənimsənilməsini təmin etmək məqsədi daşıyır”. Bu fikirləri SİA-ya “Qida təhlükəsizliyi” üzrə ekspert Elsəvər Fərzəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı fərmana münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, qida təhlükəsizliyi ilə bağlı institutun yaradılması ilə ölkəmizdə məhsulların saxlanması ilə bağlı problemlər öz həllini tapacaq: “Həmçinin ölkəmizdə məhsulların keyfiyyət göstəricilərinin təyin edən müəyyən təşkilat və laboratoriyalar yaradılacaq. Ölkə başçısı tərəfindən atılan bu addım insanların sağlamlığının təmin olunması məqsədi daşıyır”.

“Qida Təhlükəsizliyi İnstitutunun yaradılması Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır”

Qida Təhlükəsizliyi İnstitutunun yaradılmasının Azərbaycan üçün çox böyük əhəmiyyət daşıdığını dilə gətirən ekspert söyləyib ki, sözügedən institutun yaradılması insan fəaliyyətinə birbaşa təsir edən qidalanma ilə fundamental məşğul olmağa imkan yaradacaq: “ Bütün qidaların texnologiyası, emalı, istehsalı, hazırlanması hətta daşınması və saxlanması belə bu institutun fəaliyyət dairəsinə daxil ediləcək. Beləliklə qida təhlükəsizliyini təmin edən bütün amillər ilk növbədə laboratoriya şəraitində sınaqdan keçiriləcək və daha sonra həyata tətbiq ediləcək”.

“İnstitutunun yaradılmasında beynəlxalq təcrübədən istifadə etmək mümkündür”

E.Fərzəliyev qeyd edib ki, ölkəmizdə Qida Təhlükəsizliyi İnstitutunun yaradılmasında beynəlxalq təcrübədən istifadə etmək mümkündür: “Türkiyənin bu məsələdə təcrübəsi kifayət qədər dəyərlidir. Almaniyada qida məhsullarının təhlükəsizliyinə ciddi nəzarət olunur. Bundan başqa ABŞ-da da bu məsələyə xüsusi diqqət göstərilir. ABŞ-da məhsulun orqanizmə hansı təsir gücünə malik olduğu müəyyən edilir. Hətta bir müddət saxlanıldıqdan sonra məhsulun tərkibində baş verə biləcək dəyişikliklərin insan orqanizminə təsiri belə analiz olunur. Azərbaycanda da yaradılacaq institut bu məsələlərlə məşğul olmalıdır. Düşünürəm ki, bizdə də bu təcrübələr əsas götürüləcək və ölkə əhalisinin qida təhlükəsizliyi tam şəkildə təmin olunacaq”.

“Agentliyə mütəxəssislər cəlb olunmalıdır”

Ekspert vurğulayıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun yaradılmasına mütəxəssislər cəlb olunmalıdır: “Bu işə elə mütəxəssislər cəlb olunmalıdır ki, onlar həm elmi əsaslandırmanı bacarmalı, həm böyük praktiki təcrübəyə malik olmalı, həm xammalı, həm xarici məhsulu və həm də xammalın xarici məhsula çevrilməsi metabolizmini- yəni istehsal texnologiyasını dərindən bilməlidirlər. Güman edirəm ki, belə olan halda. yaradılacaq Qida Təhlükəsizliyi İnstitutu dayanmadan inkişaf edəcək və xalqın xidmətində duracaq”.

“Qida təhlükəsizliyinin təmin olunması insanların sağlamlığına da təsir edəcək”

Ölkəmizdə bu sahədə çalışacaq kifayət qədər mütəxəssisin olduğunu bildirən E. Fərzəliyev deyib ki, Azərbaycanda qida mühəndislərinin hazırlanması 6 ali məktəb tərəfindən həyata keçirilir: “Gəncədə fəaliyyət göstərən Aqrar və Texnologiya, Lənkəran Dövlət, Azərbaycan Turizm və Menecment, UNEC və Kooperasiya Universitetlərində bu istiqamətdə kadr hazırlığı həyata keçirilir. Güman edirəm ki, kadr hazırlığında çalışan mütəxəssislər sözügedən agentliyə dəvət olunmalı, onlar həm işin qurulması, həm kadr hazırlığının seçilməsi, həm də digər məsələlərdə qurumun fəaliyyətinə yaxından kömək edə bilərlər”.

E. Fərzəliyev əlavə edib ki, qida təhlükəsizliyi ilə bağlı problemlərin həlli insanların sağlamlığına da müəyyən təsir edəcək.