YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var

14 Noyabr 2017 11:43 (UTC+04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini–icra katibi Əli Əhmədov noyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SİA-nın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycan ilə Çin, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud vəziyyətindən bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

YAP sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Bildirilib ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak ediblər.