ŞƏHİD ANASI

6 Noyabr 2017 11:24 (UTC+04:00)

Nəcibə İLKİN

ŞƏHİD ANASI

(Ad günündə şəhid olmuş tatar balası Adik Sepxanova həsr edrəm)

Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kipriklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Alnında düyün-düyün olmuşdu qırışları,
Həsrətdən yoğrulmuşdu o solğun baxışları.
Odlara qalamışdı, oğul dərdi ananı,
Od içinə atmışdı oğul, dərdə yananı.
Ölüm günü, ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi,
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək, əynində qara paltar,
Oğlum özü alıbdı,-dedi məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilmi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən,
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu “can”.
Ad gününə az qalmış adına hədiyyə aldım,
Şirin qoğal bişirib, adına sürfə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır?- tez qarışdım söhbətə.
Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə dedyim ki, Adik-
Agır yaralanıbdı…
-Necə? Nə dedin? Yox, yalandı balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma.
Düşündüm bu, zarafat, dostların haqq səsidi,
Mənə muştuluq üçün bir əsgər töhfəsidi.
Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu,
Oğlumu görmək üçün ürəyim od olmuşdu.
Yaşarmış gözlərimə göründü tabut bu an,
Anasız da hər şeyi həll eləyirmiş zaman.
Yenə də gözlərimə inanmadım hayqırdım,
Özüm səsimə hərgah, sanki birdən ayıldım.
Ahım çıxdı göylərə, dağılmadı göy nədən?!
Amansız ölüm idi, məni belə göynədən.
Oğul verdin ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin,
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?!
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım, -Yaşın mübarək,-deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən, için-için oyuldu.
Yenidənmi doğuldun, Şəhid qoyuldu adın,
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
Dan yeri tək söküldü ürəyimin telləri,
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb, nə deyib,
Ürəyindən nə keçib, görəsən nə söyləyib?!
Necə dözüm ay Allah, necə dözüm bu dağa,
Ad günündə oğlumu tapşırıram torpağa.
İgid doğuldu oğul, şəhid doğuldu oğul,
Vətənin göylərində yanıb kül oldu oğul.
Yığışdı dostları, qonşular ad günündə,
Ehsan verdilər ona, balamın şad günündə.
Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!!

Sənə baş sağlığı verdim...

Sənə baş sağlığı verdim o gecə,
Dedim ki, olmasın səbirin, Vətən!
Axı, neçə-neçə odlu ürəyin,
Qazıldı qoynunda qəbiri, Vətən!
Hayqırdı azadlıq istəyi, eşqi,
Qan boğa bilmədi bu qızıl teşti,
Sinənin üstündən zalımlar keçdi,
Kim verdi görəsən bu əmri, Vətən!
Çökdü başın üstdə dumanlar, azdım,
O gecə susmadım, qəmli avazdım...
Bilmirəm, ömrümə mən necə yazdım,
"20 yanvar" adlı ömürü, Vətən!

20.01.2014.

VƏTƏN

Nə vaxtdır gözünün yaşı qurumur,
Çəkilməyir səndən qan iyi Vətən.
Daşının, qayanın köksündən qopan,
Fəryadın bürüyüb yer, göyü Vətən.

Nə ana olmadıq, nə bacı qardaş,
Sinəndən asılıb olduq qara daş,
Bizləri özünə bilmə vətəndaş,
Saxlayıb qoruduq de nəyi, Vətən.

Sənə dəyən güllə sinəmdə qalıb,
Yazılan qan yazın binəmdə qalıb,
Göyərməz ümidlər dünəndə qalıb,
Öyrənə bimədik ölməyi Vətən.

Can verdik canını ala bilmədik,
Qan tökdük qanını ala bilmədik,
Səninçün haqq yolu ola bilmədik,
Yalandan göstərdik, hər səyi Vətən.

Hər nə dərdin varsa, de mənim olsun,
Adın naxələfə qoy qənim olsun,
Öləndə qoy mənim kəfənim olsun,
Təkcə bir şəhidin köynəyi Vətən!

VƏTƏNİN ƏYİLMƏZ QALASI SAŞA

Atıldın meydana əlli yaşında,
Yaşadın vətənin sən göz yaşında,
İzin var, o yerin hər bir daşında,
Vətənin əyilməz qalası Saşa.

Ölümün gözünə dik baxıb getdin,
Düşmənin bağrına köz yaxıb getdin,
Min ümid, arzuyla sən çıxıb getdin.
Vətənin əyilməz qalası Saşa.

Sevginin yaşı yox, saf xislətində,
Vətəni hayladın hər bir çətində,
İgid doğulmusan ana bətnindən,
Vətənin əyilməz qalası Saşa.

Bir gözün anadır, bir gözün vətən,
Sözündə bütövsən, əməlində tən,
Vətənsən! Tarixsən! Ər oğlu ərsən,
Vətənin əyilməz qalası Saşa.

Babəkin, Mehdinin öz adı oldun,
Yanan ürəklərin sən odu oldun,
Qanlı yaddaşımın soyadı oldun,
Vətənin əyilməz qalası Saşa.

Kəlbəcər dillənmir, lal olub sənsiz,
Ağdaban görünmür, kül olub sənsiz,
Ağlayır gözləri bil, dolub sənsiz,
Vətənin əyilməz qalası Saşa.

Neçə nəsillərin başa gələcək,
Neçə igidlərim qoşa gələcək,
Tarix yetişəcək Saşa gələcək,
Yurdumun ən gözəl balası Saşa,
Vətənin əyilməz qalası Saşa.

Qalıbdı

De, hansı dərdimi mən deyim indi,
Sözümü deməyə huşmu qalıbdı?!
Uçubdu tərlanım, uçubdu sonam,
Gölzümdə üzməyə quşmu qalıbdı?!

Murovun gözüylə bax Kəlbəcərə,
Gör necə alışır o dağ, o dərə,
Çaşıram yolumu gedib Tərtərə,
Ağılımı qalıbdı, başmı qalıbdı.

Dərbəndim şikəstəm, qəmli avazım,
Xocalı qan gölüm, bir qanlı yaxım,
Qarabağ Təbrizim, Tərtər arazım,
Başıma dəyməyən daşmı alıbdı.

Nəcibəyəm gözlərimdən süzülən,
Kipriyimə dənə-dənə düzülən,
Ağlayıram yüz aynan, yüz ilnən,
Qurtarıb gözümdə yaşmı qalıbdı?!

Yag ey yağış

Yağ ey yağış....
Sən yağanda könlüm simi
Elə həzin pıçıldaşır....
Həstət çəkən sevgililər
Sanki bu an qucaqlaşır...
Bu xəzanlı qucaqlasma,
Yad görüşünə bənzəyir...
Hər qucağın payız əlləri
Hər əllərin isti qucağı..
Bir də tənha ocağı ..
Bilirəm ki, darıxmısan
Yerin üçün, yurdun üçün...
Bilirəm ki darıxmısan
Gözündə öldürmək
İstədiyun qurdun üçün..
Bu həsrət tanqosunu
Gəl birgə rəqs edək....
Sən üzü payıza
Mən üzü qışa...
Rəhmin gəlməsin
Üzümdə donan yaşa...
Bu sevginin daha inanmlram
Yay fəslinə,
Yaz fəslinə...
Onlar xəzana dönüb
Dayandılar bir birinin qəsdinə..

****
Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,
Kipriklərim yanağımda.
Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı....

XƏYALLARIMIN YAĞIŞI

Bu gün gözəl havadı...
Təbiət kimi xəyallarım çiskinli, yağışlı.
Xəyallarımı qucuram,
Başqa bir aləmə uçuram.
Xəyallarımın göz yaşında boğuluram.
Yenidən sevmək istəyirəm,
Bu sevgidən ölmək istəyirəm,
Nifrətimi qara kəfən edib geymək istəyirəm.
Dərdlərimi mumiyalayıb
Haqsızlığın ürəyinə damğa vuracaq
Bir ömür sürmək istəyirəm.
Xərçəng kimi damarlarımı qamarlayan
ayrılığın yolunu kəsmək istəyirəm.
İçimdəki təlaşı, yoxsul niyyətləri
aldatmağa çalışıram..
Zəhər dadan həyatı yükləyib
çiyinlərimə ürəkdən gülmək istəyirəm.
Qoy eşitsin bu yağan yağış
qəlbimdən keçənləri.
Üzü soyuq xatirələr də
ayaqlarımı dondurur.
Həyatı mənə yenidən qandırlr.
Gələcəyimə pəl vuran xatirələr..
Eh..nələr, nələr..
Günahlarımla savaşıram
Sözlərim dilimdə dolaşır,
Eh...hər şey məni
Aldatmağa çalışır....,
Gəlmə görüşümə
Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə...
Unut olub keçənləri,
O mənli xatirələri...
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələrimi toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi...
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına,
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə.
Gəlsən də danışma, dinmə...
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə sənsizliyimi aparma.