Rübailər çeşməsi

6 Noyabr 2017 10:59 (UTC+04:00)

Rübai şeir forması Şərq və Azərbaycan milli poeziyasının klassk janrılarından biridir. Bu şeir formasından Şərq poeziyasının görkəmli nümayədələrindən Ömər Xəyyam məharətlə istifadə etmişdir. Onun rübiləri bir neçə dilə tərcümə edilərək bu günümüzə gəlib çıxıb, hamı tərəfindən həvəslə oxunur. Azərbaycan poeziyasında rübai janrına müraciət edən görkəmli şairlərimizdən Füzuli, Məhsəti Gəncəvi, Xətai və digər şairlərimiz çoxlu rübai yazmışlar. Rübai dörd misradan ibarətir, bu dörd misrada şair öz istedadını qəlblə idrakın vəhdətinidə göstərərək fikrini dolğun şəkildə izah edir.
Ötən əsrlərdə olduğu kimi XXI əsrdə də şairlərimizin qüdrəti sayəsində yeni-yeni əsərlər yaranır ki, bu da ədəbiyyatımızın zənginləşməsi və müasirləşməsinə səbəb olur. Ədəbiyyatımzın müasirləşib zənginləşməsi ilə yanaşı ötən əsrlərdə olduğu kimi indi də klassik ədəbiyyatımıza məxsus olan rübai janrına müraciət edən şairlərimiz vardır. Bunların sırasında rübai yazan şairəmiz, Lilpar Cəmşidqızının adını qeyd eməliyik. O, rübailərində vətənə, yurda olan məhəbbətini daima bariz şəkildə təsvir edir.

Düşüm Qarabağın nurlu bəxtinə,
Şah edim bülbülü, qonsun təxtinə.
Çalım öz əlimlə zəfər marşını,
Qaytarım Vətəni ötən vaxtına.

Dolaşdıqca Vətənimi, elimi,
Unuduram kədərimi dərdimi.
Cahangirlər yetişdirib bu elim,
Uca tutub vətənimdə şənimi.

Lilpar Cəmşidqızının rübailərini oxuyarkən oxucu, şairənin daxili aləminin zənginliyini, zərifliyini hiss edir, onun varlığının İlahi eşqlə yoğrulduğu qənaətinə gəlir. Şairənin rübailərində fəlsəfi fikir zənginliyini müşahidə edirik.

Yaratmısan yeri-göyü, Yaradan,
Xəlifəsi yoğrulubdı əladan.
Yarananlar əzəlidən rəngidir,
Məhrum etməginən rəngi, çaradan.

Zəm-zəm bulağının suyun içənlər,
Ömür kərvanında olub keçənlər.
Suyun dəyərini dərk edə bilsə,
Anlayar ilk dadıb sudan ərənlər.

Dünyanın bəzəyi, ləlidi, insan,
Yaranan günündən validi, insan.
Yükləyir çiyninə zaman yükünü,
Çünki yaranışdan alidi, insan.

Bu rübailərdən görürük ki, şairə fitri istedad, yüksəkilham sahibidir. O, daxili aləmindəki İlahi eşqini, ilham süzgəcindən keçirib şeirə çevirməyi bacarır.

Dolan qəlb evimdən, gör bir nələr var,
Bir yetim məhəbbət orda mələr, var.
İlləri ötürən bir qəmkərvanın,
Ardıyca boylanan xatirələr var.

Sevgi dünyamızda gəl qoşa gəzək,
Məhəbbət yoluna gül-çiçək düzək.
Kam alaq sevdanın xöş anlarından,
Qoşa qanad olub, səmada süzək.

Eşq insana ümid verir, ömrünü uzadır, onu yaşamağa həvəsləndirir. Xilqətin yaratdığı məxluqların əşrəfisi olan insan, yaşa dolduqca ruhunda canında olan İlahi eşq, daha da güclənir, onun daxili aləmdəki rahatlığını pozur. Şairənin daxili aləmidə olan İlahi eşq onun yuxusunu ərşə çəkir, vücudunu rahatsızlaşdırır.
Biz görürük ki, Lilpar Cəmşidqızı öz daxili varlığında tüğyan edən İlahi eşqini, sevicini, rübailərində tərənnüm etməyə çalışır və buna əsasən nail olur.

Gözlərini çək gözümdən könlümə,
Od salıbdı eşq, közündən, könlümə.
Şəkər dilin qönçə ləbə toxundu,
Zühr eylədi bil, özündən könlümə.

Hər çiçəyin qönçələri zər olmaz,
Qönçələrdə jalə olar, sirr olmaz.
Bağban olsan, gülün dilin bilginən,
Çiçəklərdən bülbüllərə yar olmaz.

Qaşlar özü təqlid edir qəməri,
Ala gözə düzüb müjgan çəpəri.
Lalə yanaq xalı düzüb nizamlan,
Mina gərdan, belə qıymır kəməri.

Lilpar Cəmşidızı ixtisasca kimya üzrə mühəndis - texnoloqdur, iki övlad anasıdır, övladlarının tərbiyəsi ilə yaxından məşğul olmuş, onların ali təhsil almalarına nail olmuşdur. Lilpar Cəmşidqızı hazırda nənədir nəvələri var, nəvələrinin tərbiyəsi ilə də özü şəxsən yaxından iştirak edir.
Lilpar Cəmşidqızı oxucularla görüşə “Rübailər çeşməsi” adlı kitabı ilə gəlib. Mən ona yeni yaradıcılıq uğurları diləyirəm. Qoy Lilpar Cəmşidqızı Məhsəti şamını sönməyə qoymasın.
Xoş gəldiniz poeziya aləmimizə Lilpar əmşidqızı!

Mirkamil Mirxəliloğlu, Şair, dramaturq, nasir,AYB-nin üzvü

Rübailər

Tuti dilim, şəkər ləbim bal süzür,
Yar boynuma əlləriylə ləl düzür.
Gilələnib al yanaqda şəbnəmin,
Sinəm üstə süzülməyə yol gəzir.

Qoyma yarı intizarda, yet dada,
Yardan ayrı çatarsanmı murada?
Toxunmasa o əllərin yarına,
Məna olmaz yaşadığın dünyada.

Nə istədin zalım fələk bu candan?
Əzab verdin mənə eşqi duyandan.
Səy eylədim arzu- kama çatmadım,
Sənlə məni divan etsin yaradan.

Yarın həsrətindən inciyib, könlüm,
İncidən yarını dinləyib könlüm
Ömrünü qürbətdə keçirən yarın,
Bir dəfə röyada görməyib, könlüm.

Düymələnib nar çiçəyi budaqda,
Sanki xallar gizlənibdi buxaqda.
Vaxt yetişib yar nübarın dadmasa,
Nəfsi onu yandıracaq fəraqda.

Eşqi pünhan saxladıqca yar oldum,
Pünhan vaxtı düşünməyin şad oldum.
Sevdiyim yar bir baxmadı üzümə,
Bu faydasız ömür- gündə ad oldum.

Çiçəklərə rəng veribdi təbiət,
Hər çiçəyin öz adı yardı, əlbət.
Dünya gözəl yaşamalı dünyadı,
Əgər olsa insanlarda səxavət.
Həsrətdən saralan çiçəyəm indi,
Erkən xəndan olan ləçəyəm indi.
Solmuş yanağıma vüsal səpən yar,
Düşünmə qayğınla mələyəm indi.

Arzuyla doğulmur insan, yaşayır,
Dünyanı dərk edən, candan yaşayır.
Kam alan, almayan, ömür keçirir,
Kimsənin ömrünü zaman yaşayır.

Təbibim, əlac et xəstə könlümə,
Yarım yetişməyir qəsdlə, könlümə.
Eşq bağının meyvəsidi dərmanım,
Çiçəyindən bükdür dəstə könlümə.

Can alandır baxışları dilbərin,
Mənası var gözlərinin çox dərin.
Gəlin olub həna qoyub əlinə,
Zifafında o gözləyir sərvərin.

Telli sazı al sinənə çal, aşıq,
Ürəklərə od-alovu sal, aşıq.
Bu gözəlin kəlmələri bal dadır,
Tirmə şalı gərdənindən al, aşıq.

Üzü məndən dönən yarı gəzirəm,
Könlüm üçün ol nigarı gəzirəm.
İlk anlarda mən gül idim, o bülbül,
İlk sevdiyim ol nübarı gəzirəm.

Bəyaz saçın cana vüqar gətirir,
Yanağına candan nübar gətirir.
Ürəyində eşqi məhbus eyləmə,
Saxlayanda cana qubar gətirir.

Sən gözəlsən gözəllərin yanında,
Fəqan edir eşqin sənin canında.
Gözəlliyin mələkləri mat edib,
Arzular istəklər coşub qanında.

Dolan qəlb evimdən, gör bir nələr var,
Bir yetim məhəbbət orda mələr var.
İlləri ötürən bir qəm karvanın,
Ardıyca boylanan xatirələr var.

Sevgi dünyamızda gəl qoşa gəzək,
Məhəbbət yoluna gül- çiçək düzək.
Kam alaq sevdanın xöş anlarından,
Qoşa qanad kimi səmada süzək.

Dər çəmən üstündən laləni dəstə,
Ləçəyin tumarla meyl etmə qəstə.
Xilqət aşiq edib gülə bülbülü,
Bülbül duşə alsın güldən, ahəstə.

Sındırma bir qəlbi tikə bilməzsən,
Arzusun, istəyin sökə bilməzsən.
Qana bulaşdırsa ürək özünü,
Pənbədən qumaşa bükə bilməzsən.

Aqilin sözləri hikmət çələngi,
Zəncirə istəsə vurar nəhəngi.
Səbr ilən dünyanın nəbzini tutan,
Dünya meydanına söyləyər ləngi.

İnsanda ləyaqət baş ücalığı,
Hörmətlə yaşamaq, üzün ağlığı.
Cavanlıq yaşında toplasa sərvət,
İnan, xoş keçırər o qocalığı.

Ey insan övladı, duy bu həyatı,
Gəz öz ayağınla eli, elatı.
Kök üstdə cücərər səpilən toxum,
Ona qibtə edər yerlərin qatı.

Çox da öz ağlına baxıb öyünmə,
Ariflər yanında az-az görünmə.
Ucal şərəfinlə səmalara sən,
Bir dəfə ucalsan, bir daha enmə.

Mən aşiqəm yarın xətti- xalına,
Vurulmuşam ləbindəki balına.
Bir dəfə yarıma mehman olaydım,
Baxaydım hüsnündə hal- əhvalına.

Dikilib yoluna nigaran gözüm,
Sən gedən o gündən silinib izin.
Həsrəti vüsala dəyiş, sevgilim,
Görüş saatına ölməyim, dözüm.

Qaytar gənclikdəki o xoş anımı,
Hüsnü- camalımı, şən əhvalımı.
Könlüm şahid olsun bu ehsan işə,
Səndən tələb edim öz muradımı.

Çöhrəsinin gülü solğun görünür,
Gülməyəndə qəm libasa bürünür.
Bu gözəlim əl götürüb həyatdan,
Sınmış güldü, çəmən üstə sürünür.

O dağlara yolum düşə, baş çəkəm,
Sinəsinə lalə, nərgiz, eşq əkəm.
Torpağından qoyub gözlərim üstə,
Səcdə edəm məhzərində, diz çokəm.

Əlində xinası, ay nazlı gəlin!
Meh əsib zülfünə, ayrılıb telin.
Anan süd yerinə bal içiribdi,
Ondanmı bu qədər şirindi dilin?

Övlad üçün ilk əzəldən yananam,
Körpəlikdən qayğısına qalanam.
Ahu kimi balasını oxşayan,
Övladlar önündə cahi- cəlalam.

Bala dedim, övlad kimi dadın var,
Özümə söylədim, xoş övladın var.
Oğul toyu, qız toyunu görməyə,
Anlayıram, ürəkdə muradım var.

Övladçün zalıma minnətə gedər,
Sorğusuz, sualsız cənnətə gedər.
Keçər od-alovdan övlad yolunda,
Canını balaya sel fəda edər.

Yar atıb qəlbindən, məni danıbdı,
Könlümün dartılan simi sınıbdı.
Şəmi öz aşiqi bilib pərvanə,
Başına dolanıb candan yanıbdı.

Gözlərimdə bir həsrətin izi var,
Qəlb evimdə sevgilimin özü var.
Tərk eyləyib birdə geri dönməyir,
Dil- ağızda danışılan sözü var.

Dolanaydım yar boynuna bir dəfə,
Gərdənində kaş dönəydim sədəfə.
Eşq meyini gərdəninə dolayıb,
İçirəydim mən yetəydim şərəfə.

Səba yeli zülfə tumar eyləyir,
Gərdan zövqə gəlib zülfü ələyir.
Zülf yetəndə al yanağa məst olur,
Məst olanı qara xallar teyləyir?

Qoy durum dolanım yarın başına,
Müjganı ox edim kaman qaşına.
Zülfünə dolaşır kaman oxları,
Atmasın, batacaq qanlı yaşına.

Sona könlüm sevdasını arayır,
Zülfün burub, həvəs ilən darayır.
Şəbnəmi var həsrət çəkən gözümün,
Şəbnəm qalsın həsrətini say, ayır.

Gəl biz çıxaq, eşq bağçasın dolaşaq,
Dolaşdıqca rəqs etməkçün qol açaq.
Gülüstandı, illah, biz gəzən yerlər,
Kam almaqçün gül ətrinə bulaşaq.

Gözlərinin ədası çox, nazı çox,
Etibarı, düz ilqarı, varı yox.
Hər baxışın işvələri od saçır,
Böylə gözdən busə eylə, azca çox.

İnsanlar dünyadan duşə alırlar,
Mehman olub yurd-yuvalar salırlar.
Qiymətçün məşq meydanıdı dünyada,
Məşq edurlər, etdiklərin danırlar.

Ey insan, həyatın bil dəyərini,
Halal yolla qazan öz çörəyini.
Biliklə, savadla kamala yetsən,
Mızlum insanlara et köməyini.

Bir kərə verilir ömür insana,
Çəkmə bu həyatı o yan- bu yana.
Qıyma Tanrı verən cana, əzizlə,
Səhvin ucbatından alışa, yana.

Sınıbdı ayağı, yaralı düşüb,
Dağlar maralından aralı düşüb.
Başını qoyubdu qolları üstə,
Onu yaralayan ovçudan küsüb.

Çay daşıbdı, bərə üstdən keçibdi,
Susuz torpaq sel suyundan içibdi.
Axarıyla axıb gedir düzlərə,
Bu gedişi axar özü seçibdi.

Düşüb yar eşqinə divanə könlüm,
Axtarır sevdasın, güvənə könlüm.
Eşq oxu daşlara dəysə, toxunsa,
Tab etməz çəkdiyi ziyanə könlüm.

Qızılgülün budağında sar yatıb,
Ətrin alıb, güllər üstdə naz satıb.
Düymələri açılmamış qönçəni,
Budağından üzmək üçün can atıb.

Səmalardan ulduz yerə göz vurur,
Dövrə vurub göy üzündə cəng qurur.
Tamaşaya şəmsi-qəmər gəlibdi,
Cəngin səbəblərin onlardan sorur.

Siyah zülfün şanələnib sırada,
Türrəmlənib sıralanıb burada.
Meh titrədir çünki nəğmə oxuyur,
Aşiqini salır alova, oda.

Yar yanağı qönçə kimi al olub,
Ləb üstündə qara xalı lal olub.
Bu gəlinə yarı gözəl yaraşır,
Xal xatiri, şəhdi varı bal olub.

Yaralı könlümü aman incidir,
Səngimir ağrısı yaman incidir.
Təbibi tapılmır, dəvası yoxdur,
Yaram yaşadığı zaman incidir.

Sorğu-sual edir həyat, dərsindən,
Silləni üzümə vurur tərsindən.
Səbrin ilmələri tərs-tərs çözülür,
Ürək nalə çəkir, yanar közündən.

Baxıram aynada əksimə hərdən,
Diksinib baxıram özümə birdən.
Erkən bəyaz rəngə bürünüb zülfüm,
Söyləyir: nöş küsdün, eşqi təməldən?

Məni eşqin zirvəsinə ucaltdın,
Kam almamış ayrılığı yaratdın.
Ayrılıq yoluna baxmaqdan, ey yar,
Sevgi təşnəsiylə erkən qocaltdın.

Dünyanı dolaşır insan, doymayır,
Zamanın hökmünü görür duymayır.
Nəfsinə uyarsa yaşayır qəmnən,
Əcəl karvanında var, oyanmayır.

Dünya yaranışdan sirlə doludur,
Cənnət söylədiyin dünya uludur.
Bu yoldan keçəcək bütün yaranan,
Hər kəsin son yolu Tanrı yoludur.

Bu kəkliyin ayaqları xınalı,
Qayalarda at oynadır dörd nalı.
Dişisiylə aşiqməşuq olandan,
Asimana yetmək olub xəyalı.

Yaşadıqca gözəlliyi duyursan,
Gözəlliyə tər ürəyi soyursan.
Havasını bircə dəfə dərindən,
Nəfəs alıb saflaşdıqca doyursan.

Sevgilimə namə yazım göndərim,
Cavabında onun fikrin öyrənim.
Əgər özgəsini sevib - seçibsə,
Dünyasını cəhənnəmə döndərim.

Sürmənin qarası gözdə qəşəngdi,
Ənlik ilə kirşan üzdə qəşəngdi.
Ənbər vurub yar yoluna çıxım ki,
Desin, yarım gəlin olub qəşəngdi.

Çeşmə olub yanaq üstə süzülüb
Ləbdən keçib qara xala tökülüb
Ağ buxağa yetsə, onu qəsd edər,
Yetişməmiş nizam ilə düzülüb

Gülşəndə güllərin bəhsi düşübdü,
Ləçəklər xəndandan rəqsə düşübdü.
Dolaşır bülbülün çiçək başına,
Elə bil duz yeyib güldən küsübdü.

Qəribliyə saldı tale Kərəmi,
Axtarırdı tapsın nazlı sənəmi.
Yarın Kərəm röyasında görmüşdü,
Tapmaq üçün dolaşırdı aləmi.

Qaya olub əzəmətlə durmuşam,
Sal daşımla nadanları əzmişəm.
Məni bərkə-boşa çəkən dünyada,
Zülümlərə, əzablara dözmüşəm.

Sinəsində hər çiçəyin rəngi var,
Sankı dağın çəçəkdən çələngi var.
Lətafətin göz oxşayır, ay, gözəl,
Gözəlliyin məgər sənlə cəngi var?

O, pünhan könlümə əsiri- qulam,
Aşılmaz bərəyəm, keçilməz yolam,
Sinəndə bir yer var eşqin məkanı,
Ömürlük əsirəm, orada qalam.

Şəhla gözlərimə sal eşq odunu,
Daddır məhəbbətin şirin dadını.
Yaz ömür yolunda mənimlə birgə,
Vəfa, etibarda keçən adını.

Sözün dəyərini anlayan bilər,
Dostun dəyərini dönməyən bilər.
Bir könül sındırıb peşman olanın,
Onun əhvalını danlayan bilər.

Türrə telin muyindədi rəqqasə,
Yar nəfəsi dəysə gələr həvəsə.
Qəmərin üstündə asılı qalıb,
Titrətsə meh onu, gələcək səsə.

Sevdasından kam almayıb, o gözlər,
İntizardan çox ağlayıb, o gözlər.
Çeşmə olub nurun süzür yanağa,
Vəfalıdır heç solmayıb, o gözlər.

Hər biləndə ayrılığın dadını,
Qorxur çəksin vüzsalının adını.
Ömrü boyu bir alovla alışıb,
Söndürəmmir ürəkdəki odunu.

Qanadından yaralıdı bu sona,
Ovçu qıyıb bu canlıya, bu cana.
Göl suyunun rəngi dönüb, dəyişib,
Şəffaf deyil, bulanıbdı, al- qana.

Çəkmə, könül, yar həsrəti bu qədər,
İllər ötüb ömür keçib boş, hədər.
Sevənlərə vüsal qismət olmayır,
Az alışyan bu həsrətdən gəl, hədər.

Şəbi- hicran yetişdikcə can yanır,
Ruh bədəni tərk eyləyib dayanır.
Ruhsuz cismə dönür sevgisiz ürək,
Eşqin sədasıyla təkrar oyanır.

Hər görəndə yarı qonşu eyvanda,
Coşur, tüğyan edir ürəkdə- qanda.
Baxışıyla mənə təzim eylıyir,
Ürəklər yaxınlıq hiss edir onda.

Zülfü - türrəm düşüb mina gərdənə,
Mehi əsdir, zülfüm dönsün lalənə.
Ləbim üstə qara xalı görəndə,
Keşikçi ol, xalım dönsün çarənə.

Zülfü kəmənd eylə yarın boynuna,
Ordan süzüb tez yetişsin qoynuna.
Əgər səndən vüsal tələb eyləsə,
Kam almağı saxla onun toyuna.

Sıralanıb göldə üzən sonalar,
Xilqət vuran bəzəkləri can alar.
Ovçu, ayaq saxla, oxu dayandır,
Pozulsa sırası, hicran yaranar.

Eşqin gözəlliyi göz baxışıdır,
Qızarıb allanmaq üz naxışıdır.
Nişanlı qızların həsrət gecəsi,
Yarın küsməyindən illah yaxşıdır.

Bağ- bağçanın bəzəyini pozublar,
Gül-çiçəyi sar boyuna düzüblər.
Bülbül bunu duyub fəğan eylədi,
Ram olmayan sarın bağrın üzüblər.

Aman olmaz, dilbər əğyar yanında,
Fayda olmaz nanəcibin soyunda.
Sevdalanıb zülmə məhkum olarsan,
Məhbus eylər səni daim zorunda.

Məsti- xumar olub qara gözlərin,
Qönçə ləbdən süzür şəkkər sözlərin.
Naz edib getməyin məni incidib,
Qəlbimə qəm saldı dönən izlərin.

Bir kəsə yaxşılıq etmək istəsən,
Eylə təmannasız, olma əl kəsən.
Könlünü incidib qəlbinə dəyər,
Etdiyin hörməti üzünə desən.

Sirri daxilində saxla pünhanı,
Gərək tanıyasan əğyar insanı.
Üzdə can söyləyib, sirrini alan,
Faş edər sirrini, gəzsin cahanı.

O gözlərin qarasına qurbanam,
Mən qəribi göz eyləyibdi yaman.
Bivəfadı cümləcahan tanı, bil,
Söyləməyim, öz əhdini unudan.

Yolum düşə o dağlara baş çəkəm,
Səcdə edəm, qabağında diz çökəm.
Həsrətimin havasını soyudub,
Yamacında gül- çiçəyi mən əkəm.

Uca dağın zirvəsində şalı var,
Çəmən üstdə al qırmızı xalı var.
Laləsini dərdim, dəstə topladım,
Diqqət etdim, xalının müjganı var.

Gəz vətəni qarış- qarış, yol eylə,
Sən Kərəm ol, söyləginən ay lələ.
Ağrı dağın biz fəth edək eşq ilən,
Azanlarla biz verərik əl-ələ.

Çək yolundan naxələfi, naşını,
Eyləyərlər sənnən dost yarışını.
Öz əqlini hakim eylə özünə,
Tanıyasan nəmər atan daşını.

Gözü, könlü tox yaşasan həyatı,
Artar ömrün gözəlliyi, büsatı.
Haram yolla qazanılan hər şeyin,
Bilinməyir nə dəyəri, nə zatı.

Sinəmin üstünə bir köz düşübdü,
Alışıb bu oddan köksüm, bişibdi.
Bu sevgi odudur israr eləyir,
Yandıra-yandıra qəlbi deşibdi.

Çəkmisən sınağa, ey həyat məni,
Susuz saxlamısan cismin qəmini.
Almısan əlimdən xöşbəxt anımı,
Tale günahkarmı, bilmirəm, sənmi?

Gəl səninlə bir dolaşaq eşq bağın,
Birgə xatırlayaq eşqin o çağın.
Məhəbbətin zirvəsində dayanıb,
Fəth eyləyək məğrur olan can dağın.

O dağların zirvəsində qarı var,
Dağdan ağır isməti, vüqarı var.
Qartalına yer veribdi qoynunda,
Qürrələnər, dövləti var, varı var.

Bağ- bağçanın bəzəyi nübarıdı,
Hər ağacın məhsulu öz barıdı.
Ləblərində çat yeri var qönçənin
Köynəyi yaşıldı, bülbül yarıdı.

Şeh düşübdü çəmən üstə çiçəyə,
İslanıbdı, nəm çökübdü ləçəyə.
Buludların gözü dola, boşala,
Səma yerə təzim edə, baş əyə.

Başdan- başa cənnət olub təbiət,
Torpaq altda əzəldən vardı sərvət.
Gözəllikdi bu dünyada yaşamaq,
Yaşamağa qiymət verə təbiət.

Gəl əsir bulağı seyr edək burda,
Gözəllik bəxş edir Bətənə, yurda.
Yetiş, bir bulaq var kor olub gözü,
İsa bulağıdır, qalıbdı darda.

Ruhu darda qalan xanım Natəvan,
Bu halına yanır canım, Natəvan!
Yurdumun hissləri dara düşübdü,
Zalıma dar qurar sözsüz bu dövran.

Səhra məxluqusan, Ahu, əzəldən,
Sənin vəsfin keçir əruz qəzəldən.
Yarı ahu olan səni çox sevər,
Şair olsa, yarın salmaz nəzərdən.

Kəklikli, Turaçlı düzüm bozarıb,
Yaylağa dönməyə dözüm azalıb.
İstərəm başımı diz üstə qoyum,
Səbr edim, dilbərim axı söz alıb.

Həcərli, Nigarlı, ismətli elim,
Qarabağ arzulu xiffətli elim.
Gün ola yetişə zəfər günümüz,
Torpaq həsrətiylə qismətli elim.

Çöhrəsinə rəng qatıbdı bu gözəl,
Gül yanında gül yatıbdı bu gözəl.
Türrə teli düşüb qəməri üstə,
Qorxuram oxlana dəyə bəd nəzər.

Yanaqları allanıbdı utanır,
Zöhrün ulduzudu qeybdən yanır.
Sevdalanıb bir igidə bu gözəl,
Hal- əhvalı bəlli edir, nöş danır.

Minmə nuhun gəmisinə yan alar,
Dərya dərin çevrilərsə, can alar.
Bu dünyanın gərdişindən əyilmə,
Əyilərsən, illah, canın usanar.

Qırçın ləpələrin anası dənız,
O yaşıl adanın sonası dəniz.
Qumlu sahillərin həmdəmi olan,
Qağayı sədası, naləsi dəniz.

İnsan bir dəryadır ürəyi qayıq,
Çırpınar, vurnuxar daima sayıq.
Əzəldən eşqdir onun qidası,
Döyünər saattək özünə layiq.

Aşıq, köklə sazı, ruhu dilləndir,
Əgər səmadasan tez yerə endir.
Çal Yanıq Kərəmi, ölən oynasın,
Dirilən olarsa, biri Kərəmdir.

Gözlərini çək gözümdən könlümə,
Od salıbdı eşq gözündən könlümə.
Şəkər dilin qönçə ləbə toxundu,
Zühr eylədin bil özündən könlümə.

İncə belə kəmər eylə qolunu,
Sar qolunla məhkum eylə qulunu.
Məhəbbətin qalasını uca tik,
Gül- çiçəklə bəzə eşqin yolunu.

Üşşaqi- eşq yuva salıb sinəmdə,
Nalə çəkir, fəryad edir didəmdə.
Eşq özünü hakim edibdi mənə,
Fərman verir özü dilə gələndə.

Dünyanın bəzəyi, ləlidi insan,
Yaranan günündən validi insan.
Yükləyər belinə zaman yükünü
Çünki yaranmışdan alidi insan.

İnsanın qiymətin insan verməli,
Ağıl insanlara dövran verməli.
Zəhmətlə yaşayan Adəm övladın,
Halal qalmasına aman verməli.

Yaratmısan yeri – göyü, Yaradan,
Xəlifəsi yoğrulubdu əladan.
Yarananlar əzəlidən rəngidir,
Məhrum etməmisən rəngi, çaradan..

Ahu gördüm ayağından yaralı,
Ürəyimnən oldum ona vəfalı.
Məlhəm qoyub yarasını bağladım,
Loğman oldum məxluqlara havalı.

Ahunu balalı gəzən görmüşəm,
Göbəyindən müşki əllə çəkmişəm.
Onu ov etməyə xəyala düşdüm,
Anladım ki, xam xəyala düşmüşəm.

Zəmzəm bulağının suyun içənlər,
Ömür karvanında olub keçənlər.
Suyun dəyərini dərk edə bilsə,
Anlayar, ilk dadıb sudan ərənlər.

Göz ürəyin aynasıdı deyiblər,
Göz salanı taxt- tacında görüblər.
Bəd nəzərlə baxan namərd gözləri,
Şişlə ovub mərd sapına düzüblər.

Zaman dönüb dəyirmana fırlanır,
Çala-çuxur dikə qalxır, dırmanır.
Eniş- yoxuş bu dünyanın nişanı,
Aqil olan bu mənadan yan alır.

Sözlü, sazlı cənnət olub bu dünya,
Gör kimlərə fürsət verib bu dünya!
Aqil susur, nadan şiddət eyləyir,
İsgəndəri danıb, solub bu dünya.

Göy çəmənə naxış düzür çiçəklər,
Şeh düşübdü, ətir saçır ləçəklər.
Ləçək üstə yuva salıb gül düzür,
Qara xallı, əlvan rəngli böcəklər.

Dərə gözəl, yamac gözəl, düz gözəl,
Təbiətə bəzək vuran söz gözəl.
Meh əsdikcə sığal çəkir güllərə,
Ağ buxağa qara xalı düz, gözəl.

Dolaşdıqca Vətənimi, yurdumu,
Unuduram kədərimi, dərdimi.
Cahangirlər yaşadıbdı bu elim,
Uca tutub, vətənimdə ələmi.

Yalandan can demə canı yanana,
Etibarı göstər daim canana.
Vətən torpağının azad qızları,
Layiq deyil öz elini danana.

Bəşər övladının haqqı qorunmur,
Dünya dəryasının suyu durulmur.
Çirkabı atarsan şəffaf sulara,
Tərkibi dəyişir, səbəb sorulmur.

Zümrüd bulaqların gözü qaynayır,
İçində çınqılı, daşı oynayır.
Torpaq sinəsinə çəkdikcə suyu,
Nədən dəyərini ondan sormayır!

Alıb mizrabını saza toxundur,
Teli dilləndirən müjgan oxumdur.
Oynaq havaları çal sinəm üstə,
Behiştin gülabı, sürmə qoxumdur.

Dünya səni könlü viran görmüşəm,
Dərdqəmiylə ömrü yoran görmüşəm.
Çıxdım gəzəm, sinən üstü aləlvan,
Göy yaylağı çat- çat aran görmüşəm.

Gülşəndə güllərin keyfi saz idi,
Hər tərəf al əlvan, güllü yaz idi.
Bülbül dolaşırdı çiçəklər üstə,
Bağça başdan-başa sehr- avaz idi.

Göy yerə aşiqdi başının üstə,
Buludlar düzülüb zövq ilə dəstə.
Ulduzlar göz vurur öz qəmərinə,
Dolan buludlarla durubdu qəsdə.

Cərgə düzüb uçan durna bəri gəl,
O şah tellərinə toxunsin bu əl.
Ovçu durub, oxu çəkib yayına,
Nişan alsa qana batar sinə ləl.

Sürüsündən aralanan Ahunu,
İncidərsən, cida salar ruhunu.
Ov edərsən titrək olar əndamı,
Əllə sığal eylə onun boyunu.

Gözlərinin cazibəsi can alır,
Süzgün baxışların candan qan alır.
Aşiq oda düşür bir baxışınla,
Hər baxışın ürəyinə od salır.

Tanrıdan yazılan qisməti gözlə,
Görərsən hər şeyi ağılla, gözlə.
Xəncər yarasından qorxun olmasın,
Dil vuran yaralar sağalmaz sözlə.

Eşqin, məhəbbətin yaşı bilinmir,
Sevgi qəlbdə olsa, qalır, silinmir.
Gözlərdi ürəyə yol tapıb gedən,
Eşq ilən ucalan bir daha enmir.

Sinən üstün cənnət bilib gələrəm,
Üşşaqi- eşq olduğumu bilərəm.
Açaram sinənin düymələrini,
Dəymiş meyvələrin ordan dərərəm.

İstəyirsən didəm üstə şah, yeri,
Öz əksinə, gözlərimdə bax , yeri.
Mah camaldan, yarpayını alginən,
Seyli gözə qarışıban ax, yeri.

Gözlərinə rəngi dəniz veribdi?
Yosun saçın ləpələrmi hörübdü?
Ürkək- ürkək boylanırsan boyuma,
Sərvi boyda ğözün nələr görübdü?

Sal yolunu bu yerlərdən öt, gülüm,
Bir mehman ol, öz yarına yet, gülüm.
Ya nərgiz ol, sinəm üstü göy çəmən,
Ya lalə ol, yanağımda bit, gülüm.

Qara gözün buludlara pay verər,
Səsləyərsən səda olub hay verər.
Tərlanlar da sədalara ram olar,
Şəhla gözdən mirvarilər süzülər.

Əsmə, rüzgar, uçan bulud dayanıb,
Yağsın leysan, torpaq artıq oyanıb.
Dağlar, düzlər lalələrə bürünüb,
Bahar gəlib, Vətən gülə boyanıb.

Zümrüd bulaq pıçıltıyla danışır,
Leysan yağır, dolu ona qarışır.
Çeşmələrdə sular, necə qaynayır
Axıb çaya, sel suyuyla yarışır.

Zülfüm dağılıbdı mah camalıma,
Meh əsib, toxunub bihuş halıma.
Dünya, aləm mənə heyran olubdu,
Diqqət et, bir fikrin sal kamalıma.

Ay zalım, balası can səni istər,
O ay camalını tez gözə göstər.
Məkanın seçmişəm köksüm üstədi,
Əl çəksən sığalı tumarla bəslər.

Əlac yox düşdüyüm sevda oduna,
Gəl yetiş məşuqun tez imdadına.
Mən nazlı afəti tərk etmir nədən,
Yansam düşəcəmmi özgə yadına?

Bağçada gülləri əkdim sıraya,
Kəhrizin suyundan çəkdim oraya.
Becərdim, istədim sevim, oxşayım,
Tikanlı budaqlar girdi araya.

Cilvəsi var, nazı canı incidir,
İpəkdən zərifdi, ruhu incədir.
Ləblərin də böylə dəhan edibdi,
Tazə açmış al yanağı qönşədir.

Sona gölə gəlin kimi naz edir,
Naxış düzüb gərdənini yaz edir.
Su üstündə elə süzür, oynayır,
Baxan deyər ədasını az edir.

Vurğun gözlərinlə, oxla Ahuyam,
Biyabana şər düşəndə mahuyam.
Elə ovla məni nazla səyyadım,
Çünki ilk ovunun nubar payıyam!

Mən qəribin yetiş küsgün halına,
Qıyma kölgə düşə üzdə xalıma.
Yar, özgə dilbərə dəyişən məni,
Zəhər qatdın şəkərimə, balıma.

Bağça saldım, güllər əkdim yan -yana
Tikanla qönçəni tikdim can-cana.
Bağrını teylədi bülbül qönçənin,
Qönçədə ləçəklər batdı qan-qana.

Bülbül sevər gül-çiçəkli yazını,
Mən çəkərəm öz yarımın nazını.
Sevdasından canım fəğan eyləyir,
Dinlədikcə içdən könül sazını.

Gəl, toxunsun yanaq ələ naz ilə,
Toxunduqca onu nazla söz ilə.
Anlaginən yanaq qanla bəslənir,
Busə etsən, eyləginən göz ilə.

Gözlərimə əksin düşüb, silinmir,
Göz yaşımı seyl eylədim ərimir.
Məhəbbətin əcəb salıb qəlbimə,
Eşqi ilən qana düşüb, bilinmir.
Ruh, söyləmə, dilim sözə baxmayır,
Gözlər dolub, yanağıma axmayır.
Yar yatıbdı gül-çiçəyin içində,
Çələng düzüb, tellərimə taxmayır.

Dost dediyin etibarda düz ola,
Etibarda kəsilməyən söz ola.
Nadürüstü bəsləsən də düzəlməz,
Dostluq gərək kəmiyyətə azala.

Doğru söz daima başa tac olar,
Yalan kəsər, tökər, biəlac olar.
Vicdanın önündə üzün ağ olsa,
Başın dik dayanar, göyə ucalar.

Ahu sevsə, vəfası var sözündə,
Bir ovçuya sevdası var gözündə.
Ömrü boyu təravətin itirməz,
Ötən günün izi qalıb üzündə.

Bu gözlərin qadasını al görüm,
Vəfa göstər, ədasını al görüm.
Gözlərimdə yanan eşqin odunu,
Bacarırsan, ürəyinə sal görüm.

Ay insafsız, vermə yara intizar,
İntizardan ürək çəkər dərd, azar.
Bivəfalıq eyləyərsən nöş yara,
Gecə-gündüz həsrət çəkər, əl yazar.

Kövrək bülbül gəlib bağda dolaşır,
Gülün həsrətindən çağlayır, coşur.
Qönçəyə xətakar bülbül olandan,
Jalənin qönçədə göz yaşı daşır.

Ruhu məst olanlar oyana, dünya,
Onları çəkirsən hayana, dünya?
Kuyində xaqanlar uyuyub, yatıb,
Veriblər ömürü ziyana, dünya.

Kənizə bax, ağasından küsübdü,
İncə belə qızıl kəmər çəkibdi.
Dünyasını cənnət edən ağanın,
Ürəyinə məhəbbətin əkibdi.

Sirli-sözlü ay ürəyim, danış, din,
Bu dünyada görməmisən yaxşı gün.
Yat, yuxuna cənnət mələyi gəlsin,
Nə ola ki yuxun ola çinbəçin.

Baxaydın ürəyin, gözün sözünə,
Düşəydin yenə də sevda izinə.
Tapaydın könlünə ağa olanı,
Dəyəydi nəfəsi solmuş üzünə.

Yazılıb alnıma ilk eşqin adı,
Səngimir ürəyin alovu, odu.
O yarın könlünə mehman olmadım,
Duymadım ilk eşqin verdiyi dadı.

Vərəqlədim xəyalları, ötən günə qayıdam,
Həsrət çəkən ürəyimi ümidimlən, uyudam.
İndi qürub çöküb üzə, yar nuruna möhtacam,
Zülmətləri nur etməyə gərək yarı oyadam.

Sənlə olan xatirələr kölgə düşüb, silinib,
Xəyal yükün ürək çəkib, əyilməyib, əriyib.
Ömrün gözəl bahar fəsli təravətin itirib,
Siyah zülfə qış yetişib, bəyaz qarlar çilənib.
Cismin nihan etmə, can onu istər,
Tazə tər çiçəyəm, can donu istər.
Vüsalı istəsən, al gözüm üstə,
Konlum dilə gəlib tez sonu istər.

Kamalın səyyaddır sarban çiləyir,
Zəkan bir dəryadır, ümman istəyir.
Gözlərin bənzəyir dolmuş buluda,
Yanağın üstünə leysan istəyir.

Əllinə xınadan naxış düzülüb,
Naxışın rəngləri dona süzülüb.
Bu gəlin ömrünün keçid yoludur,
Naxışın ovcuna qanı köçürüb.

Dönəydim ömrün gənclik çağına,
Çıxaydım sevdanın ilk sorağına.
Ötəydim bülbültək bağçada, bağda,
Qonaydım qönçənin al yanağına.

Adımı deyəydi yar dodağında,
Çıxaydı eyvana eşq sorağında.
Gəzəydi əlləri siyah zülfümdə,
Qalaydı izlərim əl darağında.

Ömrüm, günüm, yetişmisən fərağa,
Düyün düşüb məhəbbətdən buxağa.
Baxışların o düyünü açmayır,
Arzum vardı ləbim yetə dodağa.

Kərəm olub düşsən qərib ellərə,
Əsli könlüm ad salacaq dillərə.
Nadanların qurbanına çevrilsək,
Həsrət qalar, əl qovuşmaz əllərə.

Çəkmə məni imtahana, sevgilim,
Cənnət yarat görüşünə mən gəlim.
Dörd tərəfin tufanlı dərya olsa,
Kəşti olub sahilinə mən gəlim.

Əsir idim zalımların əlində,
Boğulurdum göz yaşımın selində.
Xəzan oldum, ömrüm viran olmadı,
Sona oldum məhəbbətin gölündə.

Bu talenin yazısıyla barışmam,
Nisbət tutub, xoşbəxtlərlə yarışmam.
Öz dünyam var, özgələrlə yox işim,
Odum yoxsa, başqa odla alışmam.

Uca dağam, bax, zirvəmə qar yağıb,
Sinəm üstən çalın-çarpaz sel axıb.
Qürurumu əyə bilməz bu dövran,
Başım üstdə ildırımlar çox çaxıb.

Sızıldama qəfəsində ürəyum,
Ömürgündə olacaqsan köməyim.
Döyünginən bu sinəmdə eşq ilən,
Səndə çoxdur yaşadıqca diləyim.

Sonası oxlanmış gölüm qalıbdı,
Bülbülü tərk etmiş gülüm qalıbdı.
Sakini didərgin olan yurdumda,
Gözü yaşlı olan elim qalıbdı.

Vətən, çörəyinə, suyuna qurban,
Yorğanı qar olan kuyinə qurban!
Bitib tükənməyir varın, dövlətin,
Koroğlu qeyrətli soyuna qurban!
Qalmışam qürbətdə anasız, yetim,
Vətən, çiçək olum sinəndə bitim.
İzin ver, başımı qoyum daşına,
Xəzəl tək, əriyib, köksündə itim.

Düşüm Qarabağın qara bəxtinə,
Şah edim bülbülü, qonsun təxtinə.
Çalım öz əlimlə zəfər marşını,
Qaytarım Vətəni gözəl vaxtına.

Xəlvətcə getmişdim yar otağına,
Həsrətlə boylandım bal dodağına.
Məhəbbət gözüylə boyun oxşadım,
Könlüm qonaq oldu al yanağına.

Bəstə boyun həsrətini çəkirəm,
Onun fərağına qəddi bükürəm.
Gecə-gündüz göz dikilir yoluna,
Yenə gəlmir, göz yaşımı tökürəm.

Əlimdə eşq meyi, bihuş olmuşam,
Sərməstəm, keyfimi meydən almışam.
Bir nakam sevdanın oduna düşüb,
Amansız eşqimə qeybdən yanmışam.

Düşdüm biyabana, sevda axtaram,
Əğyar can söyləsə, dönüb baxmaram.
Dolanıb yarımın kuyinə yetdim,
Təşnəydim eşqimə yarı yaxmaram.

Ömrü zərrə-zərrə alan dünyadı,
Son ucu ölümlü olan dünyadı.
Keydubad şahları yola salıbdı,
Daima şux olan cahan dünyadı.

Dərdkədərdən artıq uzaq qaçıram,
Arzuların qanadında uçuram.
Ulduz kimi göy üzündə bərq vurub,
Günəş kimi yerə şölə saçıram.

Qocalıram, tale, səndən gileyli,
Çox istəyim, arzum qalıb deyili.
Gileyliyəm zəmanənin özündən,
Axirətə olmamışam meyilli.

Çəkmir daha can əzabın yükünü,
Diz bükülüb, qalxmır zaman dikini.
Cismim qalıb, ruh səmada dolaşır,
Sonsuzluqda itirmişəm çəkini.

A gözümün nuru, yetir özünü,
İllər keçib, görməyirəm üzünü.
Sənlə olan xəyalları arayıb,
Axtarıram ləpirini, izini.

Bülbülün fəğanı düşüb bağçaya,
Yaz eşidib özü koçüb bağçaya.
Gülləri görübdü sar qucağında,
Həsəd əlaməti çöküb bağçaya.

Cilvəsi gözündə, ay sarı köynək,
Nazın can incidir, dözərəm, neynək.
O mah camalını doğ niqab altda,
Nurunda gərdanın görünsün kövrək.

Batmısan yenə də kədərə, qəmə,
A gözlərim, yar yolunu gözləmə.
Gecə-gündüz həsrətini çəksən də,
Həsrətin çəkginən, amma izləmə.

Sünbüldü saçlarım gərdənim üstə,
Yar əli toxunub cəm ola dəstə.
Şahmar ilan kimi belə dolaşıb,
Yar könlün çalacaq, durubdu qəsdə.

Qollarını dola yarın belinə,
Nəfəsinlə şanə düzdür telinə.
Naz eyləsə, qəbul eylə nazını,
Toxunasan yarın incə əlinə.

Sürməsinin qarəsı var gözündə,
Qoşa xalın haləsi var üzündə.
Xətası var, əğyara göz eyləyir,
Bivəfadı, durmur qəti sözündə.

Nə gözəldir bu yerlərin sonası,
Telində var daraq-daraq şanası.
Gözəlliyi verib ona Yaradan,
Surətində var halının mənası.

Həya, ismət qadınları sevdirər,
Xoşbəxtliyi gözlərini güldürər.
Nazın çəkib, zülflərini darasan
Eşqə olan sədaqətin bildirər.

Sevgisini kəm etməyin xanımın,
Əzəməti, vüqarı var adının.
Səadəti anlar xöşbəxt olanda,
Tələb edər aşiqindən muradın.

İncidir, zərifdir mələklər kimi,
İncitsən sızlayar könlünün simi.
Kişiyə arxadır, övlada ana,
Doğulub əzəldən o, eşqin cəmi.

Dəyanət daima kişiyə şandır,
Dönməz dəyanətdən odlara yandır
Gözəllər diqqəti ona ruh verər,
Könlünə dəyməyin, coşar amandır.

Boynubükük durub nazlı bənövşə,
Kolların dibində salıbdı guşə.
Əl atıb üzmə gəl, qar çiçəyidir,
Zərifdir, qorxuram əlindən düşə.

Sıralanıb çən bürüyən dağlarım,
Hanı sənin çal-çağırlı çağların?
Həsrətindən solub gülün, çiçəyin,
Əsirsən əlində sərt yağıların.

Səma bürünübdü boz buludlara,
Qonubdu torpaqdan toz buludlara.
Elə leysan tökər, gözü dolubdu,
Yəqin yetişibdi yaz buludlara.

Qayanın qoynunda kəklik qıy vurar,
Sal olan yuvada dişisin sorar.
Əsər dəli rüzgar, onun səsindən,
Bilmirəm, söyləsə zirvədə yanar.

O xətti-xalına gövhər söylədim,
Ox etdin müjgana, məhvər söylədim.
Məni qəlb evimdən elə vurdun ki,
Göynər yarasıyla sərsəm eylədin.

Kövrək baxışıyla yana boylanır,
Ürkəkdi, gözləri erkən oyanır.
Sıxıb balasını ahu köksünə,
Təhlükə duyunca ona dolanır.

Bu dövranın gərdişinə tuş oldum,
Xəm olmadım, göz üstündə qaş oldum.
Dünya qəmin çəkdim kabab olunca,
Çıxammadım bu girdabdan, çaş oldum.

Sevincimə şərik çıxdı, kədərimi dəf etdi,
Məndən alan xoş saatı eşqimizə nəf etdi.
Sevincimin şəkkərini şəbnəm etdi güllərə,
Çiçəklərin ləçəyində eşq ətrini kəşf etdi.

Bəstə boylum, baxışların ürəyimə od salır,
Bu odları ürəyimə qəsd etməyə yad salır.
Ləblərinə tamarzıyam, arzu eylə daddirim,
Anlayacan, bu ləblərin o ləbinə dad salır.

İncə yarım gözləməkdən üzülər,
Nar yanağa, gözdən ləllər süzülər.
Bülbül çaşıb güllə onu səf salar,
Ah - fəğanı şədd eləməz, kəsilər.

Eşq şərabın içən halla oynayır,
Eşqxanədə Məcnun olur, qalmayır.
Biyabanı məskən edir özünə,
Eşq təşnəsi olur, amma solmayır.

Əsli - Kərəm taleyidi yükümüz,
Qəm çəkməkdən azalıbdı çəkimiz.
Qaçmaq olmaz Tanrı yazan yazıdan,
Kam alarıq, haqqdan yansa şəmimiz.

Səy elədim gördüm səni bir dəfə,
Bu taleylə ömrü verdik şərəfə.
Nakam olan bu sevgini yaşadıq,
Hicran oxu dönüb dəydi hədəfə.

Sözlərimdə var həqiqət, yalan ilə yox aram,
Hər çalınan qəm nəğməsin ara, içində varam.
Üzdə gülüb danışsam da, dərd içimdə dolaşır,
Köz bağlamır qan axıdır daxilimdə hər yaram.

Xumar gözüm şöləsini itirib,
Bağçam solub, gül tikanın bitirib.
Yurd-yuvamda didərginə dönmüşəm,
Kor taleyim məni hara gətirib!

Şikar olan durna yolun azıbdı,
Məzarını özgə əllər qazıbdı.
Çərxi dönmüş fələk belə eləyib,
Şikarına böylə qürbət yazıbdı.

Bayatılı, sözlü olan dilim, niyə susubsan?
Gəncliyimin xoş anını zəhər kimi qusubsan.
Ömrü boyu xöşbəxtlərə həsəd edib gözlərim,
Gözəlliyi qorxa- qorxa künc,-bucaqda pusubsan.

Əl götürsəm yaşadığım dünyadan,
Yuxudayam, kimsə ölmaz oyadan.
Sevgi adlı səadəti görmədim,
Qəm çuğladı oyanmadım röyadan.

Sinəm üstə niskillərim köz olmuş,
Bəxt-taleyi səmum yeli sovurmuş.
Yaşasam da bu dünyadı qəmkədər,
Əzabından şirin canım yorulmuş.

Hər sətirdə sızıltı var, vərəqlərə tökülür,
Kəlmələrdən ağrılarım ilmə - ilmə sökülür.
Ürəyimi boşaltdıqca əzablarım səngiyir,
Sevgi olan fəryadlarım göy üzünə çəkilir.

Bu Lilparın həqiqətin görginən,
Ay camalın zülfləriylə örtginən.
Aşiq olub, ömrügünü xoş keçər,
Bagçasına arzu olub varginən.

Nərgizi baharda dər çəmənlikdə,
Zərif ləçəyini sər çəmənlikdə.
Toxu yar telinə gül çələngini,
Gələrsə düz telə, ver çəmənlikdə.

Mənim öz yarıma ehtiyacım var,
Həsrəti köksümdə eyləyib qubar.
Busəni yar mənə ənam etməsə
Ləblərim dəştindən eyləyər qubar.

Gəl, gözüm qarası, can səni istər,
Sinəsi üstündə əzizlər, bəslər.
O ay camalını niqab eyləmə,
İnsaf et, bircə yol yarına göstər.

Ləbindən bal süzür, gözündən qəmzə,
Görəni salıbsan yaman mərəzə.
Gizlət şəkkərini dəhan içində,
İnanma ləzzətə dəhanın dözə.

Dayanıb bulaqda ahu, yan baxır,
Lilpar xislətlidi, onu an, baxır.
Əksini salıbdı büllur sulara,
Bilməyir Lilpara bir cahan baxır.

Köpüklü çayların suyu gur olur,
Torpağın dəngində dönüb dürr olur.
Təbiət elə bil durub qəsdinə,
Onun daşmasında xeyli sirr olur.
Sevgi dünyamıza ox atdı zaman,
Zaman mən aşiqə vermədi aman.
Bu nakam eşqdə yandı, ciğərim,
Naləmi tellərə köklədi kaman.

Çöllərin bəzəyi, a nazlı ceyran,
Baxanı yerişin eyləyir heyran.
Lətafətlə süzüb, naz eyləyirsən,
Dağ-dərə sevinir, olubsan mehman.

Çağır dar günündə dostu köməyə,
Dar günün dostunu namərd görməyə.
Hər kəsi buraxma qəlbin qəsrinə,
İnanma doğmadan başqa kimsəyə.

Söz var xırdalayıb düzsən uc-uca,
Dəyəri, qiyməti baş edər uca.
Hikmətin göstərər nadan yanında,
Haqq verər məzluma, kasıba, aca.

Çəksən bu dünyanın dərdi - sərini,
Tapmazsan həyatın ləli-zərini.
Ömrün od-ocağa qalanar, keçər,
Qor kimi yandırar, yatsan, yerini.

Yatma bu dünyada qafil, oyan, dur,
Vəfasız olubdu bizim cahan, dur.
Sənə tərs baxışla baxan kəslərin,
Yolunu həyata bağla, dayandır.

Nanəsi, yarpızı bulaqda qalıb,
Laylası qanlıdır, dodaqda qalıb.
Vətəni yağılar viran eyləyib,
Çoban bayatısı yaylaqda qalıb.

Çağırın, ay ellər, dağı haraya,
Vüqarım sınıbdı, sığmır araya.
Öz kiçik xeyməmi axtarım, tapım,
Düşməyim bu vaxtı özgə diyara.

Daşan çaylar suyu dağdan götürür,
Selin suyu sahilləri süpürür.
İnsanlığın sərt üzünə dözməyir,
Buxar olub buludlara çəkilir.

Əzəldən lalənin bağrı qan olub,
Rüzgarın əlləri ləçəyin yolub.
Şəbi-hicran gəlib solub çöhrəsi,
Dağ döşü cənnət yox, bir zindan olub.

Aşiqəm, könlümdə eşq bir sınaqdı,
Mehmanım olmayır, yurdsuz qonaqdı.
Bəxtimə deyirlər yatıb, oyanmır,
Qismətim bağlısa, bəxtim oyaqdı.

Can alandır, yarım, qarə gözlərin,
Ürəyimə vurub yarə gözlərin.
İlk baxışdan gözlərinə vuruldum,
Cəllad olub, çəkib darə gözlərin.

Əllərinin zər hənası var, gəlin,
Naxışının min mənası var, gəlin.
Gərdəni əy, zülfü yanə etginən,
Çün zülfünün xoş ədası var, gəlin.

Dünyanı dolandım bəxtin atıyla,
Gördüm ömür yolun eşq baratıyla.
Baş vurdum dəryaya, üzüm o taya,
Tərk edəm dünyanm elin atıyla.

Məni sınaqlara çəkdi bu dünya,
Bağ saldım, kədəri əkdi bu dünya.
Ömrün qalasını öz əlləriylə,
Kərpic-kərpic əcəb sökdü bu dünya.

Bir xəzin var sinəmin altında,
Sirrlə dolu yaddaşı var yadında.
Özgə yolu keçməyibdi oradan,
Qiyməti var gövhər olan zatında.

Məni bu talenin əlindən alın,
Düşmüşəm kolluğa, ayağı yalın.
Əl çəkim bivəfa fani dünyadan,
Yolumu bir yolluq cənnətə salım.

Yerin göyə təması var, əl açıb,
Səma özü ulduz bağı, gül açıb.
Bir talenin bəxt ulduzu sönübsə,
Göy üzündə sonsuzluğa yol açıb.

Xəyaldan gözlərim bir yol çəkibdi,
Üstünəsə qatı duman çökübdü.
Minarə ucaltdım yolun sonunda,
Yoxdu bünövrəsi yerə çökübdü.

İlməsi aləlvan xalı toxudum,
Seçdim rənglərini ali toxudum.
Naz ilə rədifin vurdum pozulmaz,
Oldum zəmanədən xali, toxudum.

Qartal vüqarını dağdan alıbdı,
Bağban nübarını bağdan alıbdı.
Oxumur bülbülün səsi kəsilib,
Gülşəndə güllərin halı solubdu.

Sinəmin üstündə sazı dilləndir,
Bax gələn axına, çayı selləndir.
Batmanla gələn dərd asan çıxmayır,
Dərdi ram etməyin gücü, elnəndir.

Düz şana tellərin tez qəmər üstə,
İnci mirvarinı düz kəmər üstə.
Yara namə göndər gül ləçəyindən,
Rəngini istəsən sal nəmər üstə.

Şirinin eşqinə fərhad allandı,
Külüngün götürüb dağa yoıllandı.
Bilmədi sevdiyi o gözəl pəri,
Xosrovu xan gördü, Fərhadı dandı.

Gül çöhrənin nazı aşiq incidər,
Qəm eyləmə, sənə layiq incidər.
Hal olginən, gir sevdanın bağına,
Məhvərindən ləli axtar, inci dər.

Qaşı kaman, müjgan gözə xətt çəkib,
Onu görən aşiq sevib, can çəkib.
Sıra görüb xallarını üzündə,
Hesab edib xallar özü dan söküb.

Sona bülbül bağdan küsüb, lal durub,
Sar yetişib güllər üstdə tor qurub.
Qönçə gülün həsrətini çəkməkdən,
Pünhan eşqi sinəsinə od vurub.

Dayanıb bulaqda, görür əksini,
Ovçu nişan alıb onun köksünü.
Çaşıb gözəlliyin sehri önündə,
Ovçu şikar edib bir an ikisini.

Sürməni çək gözə, nazı çox olsun,
Baxan aşiqinin gözü tox olsun.
Uzaq ol xətadan, bəd nəzərlərdən,
Gözünə əda ver, sehri yox olsun.

Zülfün kəmənd edib mənə dolaya,
Kəmənd ilən məni sala bəlaya.
Müjganını ox eylə ki, sinəmə,
Şikar olam tez çıxara araya.

Lal dayanıb, sınıb gölün aynası,
Tərk eyləyib, göldən gedib sonası.
Bir ovçunun şikarına dönübdü,
Qana batıb, dağılıbdı dünyası.

Müdriklər yanında söz desə nadan,
Düşünməz xəbəri yoxdu dünyadan.
Elə tərif edər, öyər özünü,
Qaçar həqiqətdən, deyər xülyadan.

Arif olan söz qiymətin zər bilər,
Nərd taxtanın qalibini zər gülər.
Edər səni üzləriylə imtahan.
Qoşasıyla qalibini güldürər.

Yalan səni əyər, yıxar, əzdirər,
Həqiqətin tənəsiylə bezdirər.
Riyaları gövhər bilib xərcləsən,
Qaraqul tək bazarlarda gəzdirər.

Mina gərdən, bu ədaya naz gərək,
Vəsf etməyə sinə üstdə saz gərək.
Elə durub, xətası var gözündə,
Mən yarına ədalardan az gərək.

Sehirləyib, bihuş edib yar məni,
Dərk etdikcə tənə edir ar məni.
Gedin yara söyləyin ki çəkməsin,
Qara qaşa, qara gözə sürməni.

Gözəl, yarın ağlın başdan alıbsan,
Səni sevib, nöş daxildən çalıbsan?
Böylə yarın qayğısını çəkmədin,
Sərsəm edib biyabana salıbsan.

Kövrək könlüm xəstə oldu eşqindən,
Qəm yaşıyla xilas deyil nəhrindən.
Vəfasıyla can xəyala düşübdü,
Hicran çəkir könül üçün xəm bədən.

Ağılla kamalın sirri sözdədi,
Toplanır xəyala, əksi gözdədi.
İnsan varlığında dözüm zəkası,
Dönüb qırışlara, məsum üzdədi.

Ahu gözə eşq hopubdu binədən,
Yəqini var, hopan qopmaz sinədən.
Eşq ürəyi tərk eyləməz vəfa var,
Eşq qalandır, ruhdu bədəndən gedən.

Ümidimə pənah eylə, gəl yaxın,
Əl məhrəmdir, tellərimə dəy, toxun.
Xumar gözə tuş olduqca baxışın,
Müjgan atdın, qan axıdır hər oxun.

Aşiqinəm, gəl incitmə bu canı,
Bağla yolun, vali etmə hicranı.
Mehman olum eşq bağının kuyində,
Sərsəm olaq, unutmayaq bu anı.

Qolu bağlı qul olaram yanında,
Məlhəm ollam, şəfa ollam canında.
Qəlbə dolub, dolaşaram ruhunu,
Kömək ollam çətin gündə, anında.

Sinən üstü cənnət olsun, mən mələk,
Gəl cənnətin gülxanəsin bir düzək.
Huri - qılman dərsin tər çiçəklərdən,
Başımıza toxusun əlvan çələng.

Bədirlənib ay səmaya, dəng durub,
Ulduz baxıb dövrəsində cəng qurub.
Əsir rüzgar qanadların gen açıb,
Hayla, küylə yeri səmanı yorub.

Sübhün danı ağaranda çən olur,
Zülmət gedir, bagçabaglar şən olur.
Tazə açan çiçəkləri üzmə ki,
Budağından ayrılanda tez solur.

İsmi pünhan saxla, sirr duyulmasın,
Eşqin cəfasından can yorulmasın.
Xuda, ayrı salma aşiq-məşuqu,
Sevən canı, eşqdən sirr ayırmasın.

Ağacda çiçək ol, ləçəyi qanlı,
Müçk- ənbər qoxu olum sayılı.
Yaşa ki, ləçəkdə bülbülün olum,
Sözümə baxginən, deyim vəfalı.

Bir dəni qoyarsan torpaq içinə,
Cücərər, boy atar, çatar biçinə.
Sünbülə çevrilər, nemətə dönər,
Torpaqdı, döndərir biri mininə.

Gözlərdən ürəyə yol var, ağarmaz,
Bu eşqin yoludur, yollar daralmaz.
Sahibi eşq şəhdin içibsə illah,
İnanma, eşqindən alışıb yanmaz.

Şəfa bulum, qoy toxunsun yar əlin,
Xınası tazədir, deyim, ay gəlin.
Nəfəsini gəzdir, zülfüm arasın,
Vəslinə yetirsin zülfündə ləlin.

Ahu gözə vurulub ovçu yaman,
Eşq odudu ürəyinə dərd salan.
Süzgün baxıb, ram eyləyib aşiqin,
O gözlərin vəfasıdı can alan.

Gülü düz saçıma, tellər sevinsin,
Şanələr oynasın, güllər sevinsin.
Məst olsun çəkdikcə sığal, tumarı,
Telə məhrəm olan əllər sevinsin.

Qoy başını sinəm üstə, kam alaq,
Məhəbbətin atəşiylə şəm olaq.
Vaxt dayansın, zaman dursun, an dursun,
Biz beləcə məhşərəcən dayanaq.

Pərişan zülfünə şanə dolaşır,
Tökürsən sinənə, yanə dolaşır.
Mən aşiqin günahı çox, qəmi çox,
Ürəyimdə qara qanlar dolaşır.

Gözə baxdım, vəfası var sevməyə,
Şəbnəmi var yanaq üstə sərməyə.
Belə gözün qarasına qurbanam,
Vadar edər məni erkən ölməyə.

Süsəndi, sünbüldü zülfün bel üstə,
Durubdu aşiqin ömrüylə qəsdə.
Uzanıb yar əli sığal eyləsin,
Özü sıralanıb durubdu dəstə.

Nazəndə könlümün zəri, sədəfi,
Bir yara tuş olub onun hədəfi.
İstəyir bir ahu ovlasın könlüm,
Ovlaya bilməyib, çox olub səhvi.

Yaxşı işi könlum ilkən seçibdi,
Bu dünyanın ələyindən keçibdi.
Vəfasızlıq bu dünyada görəndə,
Öz varlığın ürəklərdə əkibdi.

Ədəbərkan əmanətdi binədən,
Söz deyilər, dil vərəqlər sinədən.
Söz məxrəci bağrın guşə yeridi,
O, kərəmi yəqin alır xudadən.

Sözü soylə məkanında anında,
Xırdalama sözü nadan yanında.
Nadürüstün insafına güvənmə,
Xain sözü dolaşdırır qanında.

Ömür, kələf uzandıqca incələr,
Sevinc, kədər ruhu cismi hey bələr.
İnsan olan, bu dunyada çalış ki,
Ruhun gedər məkanında dincələr.

Söz sərrafı deyər sözü yerində,
Qiyməti var, dəyəri var zərində.
Hikmət axtar, qismət axtar var ol ki,
Tez tapasan gövhər sirri , dərində.

Ev yıxanın ev tikəndən fərqi çox,
Varlıların kasıblardan dərdi çox.
Üzə gülüb dalda qiybət eyləyən,
Düşmən olar, beləsindən çəkin, qorx.

İnsan olan, bıl qədrini zamanın,
Dərdi çoxdur, dilləndirsən kamanın.
Gözü kordu harda olsa lal durar,
İşığı yox, şəfəqi yox dumanın.

Sirlə dolu dünya, səndə nələr var,
Hara getdim, kəsdi önü sədd, divar.
Bağça saldım, bəhərini yemədim,
Özgəsinə qismət oldu bar, nübar.

Göz yaranıb, seyr eyləsin gördüyün,
Nigar etsin bu dünyanın özlüyün.
Ağlın başdan eyləyənə kəm baxır,
Naqis sanar bu dünyanın böldüyün.

Cümlə qursan, söz içində fikir var,
Söz var, səni el içində edər xar.
Kamalıyla xırdalayan sözləri,
İnci kimi sapa düzər, toxuyar.

Müdrik insan dərk eyləyir dünyanı,
Pisi görür, yaxın qoymur ziyanı.
Yaxşılığa meyl eyləsən, yaşasan,
Cənnət olar bu dünyanın hər yanı.

Ağ buxağa düz xalları yanaşı,
Gərdəninə dola atlas naxşı.
Dəyərini saxla zərgər yanında,
Zər qədrini bilə bilməz ki, naşı.

Sözlərinin bil səhvini, düzünü,
Nadan görməz ürəyində közünü.
Anlamaza başa salma, anlamaz,
Nə aramla söyləyəsən sözünü.

Doğru olan baxar haqqdan güc alar,
Riyakarın əməlləri puç olar.
Etibar eyləsən işi, nadana,
Nəfi olmaz işləri de, kim arar?.

Dost düz olsa, sözləri də düz olar,
Naxələfin astarı da üz olar.
Zərxaranı anlamayan nadanın,
Geyindiyi keçi qılı, bez olar.

Siyah saçı tök gərdənin üstünə,
Külək əssə, sinən üstdə qəsdi nə.
Can alansan baxışından bilinir,
Bu baxışla durma yarın qəsdinə.

Qaşlarını kaman bildim, yayı yox,
Gözlərinə vurulmuşam, tayı yox.
Müjgan altdan elə süzür nazların,
İşvəsinin, ədasının, sayı yox.

Aylı gecə yar seyrinə yar çıxıb,
Ulduzu var bu gecənin var, çıxıb.
Yar köynəyi düymələrə yaraşır,
Sinə gərıbdı, geynək dar çıxıb.

Dilin bilir o ləblərin bal süzür,
Qönçə güldü, açılmamış can üzür.
Busə üçün ədasından çəkindim.
amma özü badam dildən şəhd düzür.

Dolanırsan bağ- baxçada, can alma,
Hər çiçəyin qönçəsindən qan almağ. .
Yanağının qan damlasın mən allam,
Arzun olsa gir qoynuma, talanma.

Sonası var lal dayanan hər gölün,
Bülbülü var, sənin təki hər gülün.
Xəndan olma, bulbul şeyda olmasa,
Hicrin çəksin sevənlərin sünbülün.

Dünya, səndə çox yaşadı xaqanlar,
Torpaq üstdə axıdıldı çox qanlar.
Nadanları vurğun etdin özünə,
Bada getdi neçə növrəs cavanlar.

Minarə tik sözdən ucalt, bir qala,
Get qabağa qalma sıradan dala.
Ömür gedir, yox vədəsi, zamanı,
Dünya çapır kəhərini dördnala.

Aqil İnsan dərk eyləyir dünyanı,
Fəth eyləyir baş vurduqca dəryanı.
Səhv eyləmə, səhvi düzəltmək olmur,
Peşmançılıq tökür gözdən giryanı.

Yaşamağın dəyərini bil, yaşa,
Kamil olan əl uzatmaz sal daşa.
Nadan üçün fərqi yoxdı aləmin,
Dəyər verməz o, dostuna srdaşa.

Söz sərrafı söylə sözü yerində,
Mənası var sözlərinin dilində.
İnci kimi xırdalayar sözləri,
Dəyərini deyər axtar dürründə.

Vüqar axtar, dağ başında qarı var.
Gül bağçanı qoru daim, sarı var.
Vəfa göstər etibarı itirmə,
Desinlər ki, nə istəkli yarı, var.

Sına, yarı, məhəbbətdə inamda,
Al vüsalın, vaxt yetəndə amanda.
Vüsalı vaxtında yetir canana,
Yetsin kama o, düşməmiş ziyana..

Lalə yanaq istər üstdə qara xal,
Meyvə düşməz budağından olsa kal.
Zəhərləsən bir sözünlə düzəlməz,
Hər sözündə eyləsən də dili bal.

Hər budaqda bitən olmaz qönçə gül,
Ağ bədənə yaraşarmı qara tül?
Qoru təravətin can alan yarın,
Qorumasan, qısa olar acı dil.

Qaşlar Kaman dartınıbdı qəməri,
Ala gözə müjgən düzüb çəpəri.
Lalə yanaq göz ləlini gözləyir,
Mina gərdən belə qıymır kəməri.

Sarı köynək canı atıb bəlayə,
Qanlı lalə cəhd göstərir vəfayə.
Xallı lalə bəd nəzərədüşübdür,
Sarı köynək cəhd eləyir naləyə.

Sehirləmə, ovsunlama ahunu,
Hər baxışla incidirsən ruhunu.
Ovçusansa, onun yolun bağlama,
Anlaginan, gözündəki qorxunu.

Dünya yalan, dünya fani dünyadı,
Bir qırpımda ötən ani dünyadı.
Gənc yaşında qıyar insan ömrünə,
Biçib tökər, dünya cani dünyadı.

Fələk varmaz yaxşı yaman fərqinə,
Çəkər, tökər dəyirmanın çərxinə.
Elə əyər düz qaməti sındırar,
İnsan dönər başayağa tərsinə.

Sözün düzü acı olar deyəndə,
aqil sevməz insan özün öyəndə.
Pislik edib, qazanarsan nifrəti,
Yaxşıların ümüdün i kəsəndə.

El sözündə var kəramət, düz olar,
Bağlı sirrlər gizli qalmaz, söz olar.
Qarlı qışın ömrü keçər, ötüşər,
Gələr bahar, çiçəklənən yaz olar.

İnsan bəxtin yazan yazıb, pozulmur,
Bəxt ulduzu sıra tapıb, düzülmür.
Acı çəkər, insan bezməz dünyadan,
Göz yumulur əllər əldən üzülmür.

Bu dünyanın əvvəli var, sonu yox,
Yığma varı yaşa ömrü, gözü tox.
Süleymana qalmayandı bu dünya,
Gör gözünlə misqal olan azı çox.

Çürük ağac kökdən almaz qidasın,
Ayaq döyən yerdən almaz cidasın.
Göz istərki bu dünyanı seyr edə,
Dünya dayim gizli edər nidasın.

Ovçu düşmə ov dalınca düzlərə,
Baxma köhnə ləpirlərə izlərə.
Bir yaralı ahu keçib bu yerdən,
Pənah edib güvənibdi sizlərə.

Ahu gözə çəkim qara sürməni,
Ayna olum, tut əlində süz məni.
Bir gül olum, bihuş etsin ətirim,
Dər budaqdan sinən üstə düz məni.

Həyat çətin imtahandı, dar gəlir
Gül bağçamı bülbül sevmir, sar gəlir.
Mən dolandım aşiqimin başına,
Demədi ki, bircə dəfə, yar gəlir.

Harayladım, yetişmədin sən dada,
Gəzmə məni, ruhum gəzir səmada.
Bir pəriyə döndüm, göyə çəkildim,
Yaşamaram sən yaşayan dünyada.

Gördüm səni, sevdim, cana can gəldi,
Axdın qana, damarıma qan gəldi.
Cəfa çəkdim məhəbbətin yolunda,
Vüsal deyil, sonunda hicran gəldi.

Leyla kimi soldu bətim- bənizim,
Məcnun olsan, ollam qulun, kənizin.
Xəstə könlüm naz balışın arasa,
Başım altda yumşaq olar sərt dizin.

Qollarını kəmənd elə belimə,
Busən dəysin yanağıma, telimə.
Tanrı, mənə qismət elə yar əli,
Toxunduqca dönüm nazlı gəlinə.

Sevdan üçün göz yaşları tök bir az,
Qönçə ləbin həsrətini çək bir az.
Dön sən yarın başına pərvanətək,
Qoy desinlər, yar eləyir yara naz.

Tap verilən hər suala cavabı,
Bağla üzə, göyçək olar niqabı.
Çox üzərsən, yarı bezər, usanar,
Gedər əldən ixtiyarı, hal, tabı.

Bel bağlama gözəllərin əhdinə,
Öz könlünün əməl eylə cəhdinə.
Ömrün boyu çalış qul olmayasan,
Həyatında elədiyin səhvinə.

Ağa olub hökmün olsa sözündə,
Dünya aləm qul olacaq gözündə.
Başqasının taleyilə oynama,
Cavabını alacaqsan özündə.