Müxalifətçilər AŞPA-dakı ermənipərəst dairələrə bağlı olduqlarını etiraf etdilər ANALİTİK

23 Oktyabr 2017 14:30 (UTC+04:00)

Və ya Azərbaycanın milli-dövlətçilik maraqlarını satmağa alışıq olanlar niyə narahatdırlar?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı başlatdığı çirkin siyasi oyunlar çərçivəsində Azərbaycan tərəfinin kəskin və qətiyyətli qərarlar verməsi radkial müxalifət düşərgəsini ciddi şəkildə narahat etməyə başlayıb. Azərbaycan dövlətinin və xalqının milli maraqlarına əks olaraq çıxış edən Avropa qurumunun rəhbərliyi və oradakı deputatların son vaxtlar daha da azğınlaşması artıq qəti qərarların verilməsinə, parlament səviyyəsində müzakirələrin aparılmasına sövq edib. Belə ki, Avropa Şurası baş katibi Turbyorn Yaqlandın ardınca Avropa Şurası Parlament Assambleyasının yeni rəhbərliyi də Azərbaycana qarşı əsl simasını göstərdi.

Anti-Azərbaycan şəbəkəsinin aktiv dəstəkçisi kimi tanınan Yaqlandın öz himayədarlarından aldığı tapşırığa uyğun olaraq başlatdığı növbəti qarayaxma kampaniyasına qoşulan və Avropa Şurasının baş katibi kimi erməni maraqlarına işləyən bəzi avroparlamentarilərin səyi nəticəsində qurumun plenar iclasında ölkəmizə qarşı iki qətnamə layihəsi imzalanmasına nail olunub. Onu da qeyd edək ki, bu hadisədən bir neçə gün qabaq sabiq baş katib Pedro Aqramunt istefa ərazisini təqdim etmişdi. Hadisələrin bundan sonrakı inkişafı onu deməyə əsas verir ki, yeni sədr Stella Kiriakidesin quruma rəhbərliyi erməni lobbisi və ermənipərəst dairələrin xeyli maraqlarına uyğun gəlib.

Müxalifətçi partiya sədrləri unudublar ki, hazırda Azərbaycana qarşı çıxış edən AŞPA deputatlarının əksəriyyəti bilavasitə erməni lobbisinin pulları vasitəsilə alınıblar

Əbəs yerə deyil ki, Milli Məclisin son iclasında bir sıra deputatlar Azərbaycanın Avropa Şurasından çıxması haqqında qərar qəbul etməsi çağırışını ediblər. Onlar öz növbələrində fikirlərini isə belə əsaslandırıblar ki, əgər Avropa Şurası ölkəmizi bu qurumdan çıxarmaq istəsə, əks addım atılmalıdır, onlar belə qərar qəbul edənə qədər Azərbaycan Avropa Şurasından çıxmalıdır.

Lakin nədənsə, müxalifət cameəsi adlandırılan tərəflər bu qərardan bərk nigaran olduqlarını gizlətməməklə yanaşı, ölkəmizin maraqlarına zidd qərarlar vermiş bir qurumun tərəfini saxlayıblar. Bununla da daxillərindəki satqınçılıq xüsusiyyətlərini biruzə ediblər. Guya AŞPA-nın Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətinin vacib olduğunu deyən müxalifətçi partiya sədrləri digər tərəfdən unudublar ki, hazırda Azərbaycana qarşı çıxış edən AŞPA deputatlarının əksəriyyəti bilavasitə erməni lobbisinin pulları vasitəsilə alınıblar. Daha dəqiq desək, erməni lobbisinə satılıblar. Ədalətsiz, qərəzkar, asanlıqla qaraya ağ, ağa qara deməyə adət etmiş bu tipli deputatların Assambleyada qruplar, dəstələr halında birləşərək fəaliyyət göstərmələri deyilənləri tam şəkildə sübuta yetirmiş olur.

Azərbaycanda yürüdülən müstəqil və demokratik siyasət heç vaxt erməni lobbisinin maraqlarının ayaq açıb yeriməsinə imkan verməyəcək!

VİP sədri Əli Əliyevin, AzDP sədri Sülhəddin Əkbərin, sabiq müsavatçı, hazırda özünə Ağ Partiya adlı təşkilat yaratmış Tural Abbaslının, ADP, Ümid, KXCP, “Azadlıq” və s. müxalifətçi partiyaların mətbuata çıxaraq, AŞPA-nın cinahında yer almaları da qeyd edilən fikirləri sübuta yetirmiş olur. Qısacası, Azərbaycanın milli dövlətçilik maraqlarına, erməni işğalına pərdəarxası dəstək göstərdiyini zaman-zaman bənzər qərarları ilə sübuta yetirən bir qurumun dəstəkçilərinə çevrilmiş sözdə müxalifətçilər məhz həmin addımları ilə AŞPA-dakı ermənipərəst dairələrə bağlı olduqlarını etiraf etmiş oldular.

Beləliklə, fakt budur ki, bu gün özlərini müxalifətin radikal, ya da loyal cinahında hiss edərək, hakimiyyətə qarşı siyasət yürütdüklərini iddia edən irili-xırdalı siyasi təşkilatlar və onların rəhbərləri hər an milli maraqları satmağa hazır olduqlarını gizlətmilrlər. Buna isə çox yəqin ki, “əsas” var. “Əsas” isə qarşıdan gələn prezident seçkiləridir. Seçkilər qarşısı ciblərinin ağızlarını avropalı deputatlara sarı tutan satqın müxalifət sonda olan-qalan maliyyə mənbələrini də itirəcəklərindən bərk narahat olmağa başlayıblar. Xüsusilə, erməni lobbisinin arzu-istəklərini aldıqları siyasi rüşvətlər və korrupsiyalar vasitəsi ilə reallaşdırmağa çalışan AŞPA-nın məlum deputatları Azərbaycana qarşı azğınlaşdıqca, bizim müxalifətçilər daha çox qazanc əldə edəcəklərini düşünürlər. Ancaq yanılırlar. Ona görə ki, Azərbaycanda yürüdülən müstəqil və demokratik siyasət heç vaxt erməni lobbisinin maraqlarının ayaq açıb yeriməsinə imkan verməyəcək. Hətta Azərbaycan AŞPA-dan çıxmaq bahasına olsa belə, bu murdar maraqları məhv edəcək. Buna əmin olsunlar!

Rövşən RƏSULOV