Penitensiar Xidmət iki məhbusun qaçması barədə məlumat yaydı

23 Oktyabr 2017 12:21 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb.

SİA-nın məlumatına görə, Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər barəsində müvafiq məlumatlar təqdim edilib və faktla bağlı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.