Deputat: "Vasitəçilər danışıqları Rusiya ilə aparmalıdırlar" MÖVQE

23 Oktyabr 2017 11:47 (UTC+04:00)

“Ermənistan sülh istiqamətində heç bir addım atmır və atmayacaq da. Çünki nə düşmən ölkə, nə də onun sahibləri bölgədə sülh və sabitlik istəmirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ermənistanın Cenevrə danışıqlarına beynəlxalq təzyiq sayəsində gəldiyini deyən deputat söyləyib ki, Sarkisyanın əsas məqsədi beynəlxalq ictimayyəti yenidən aldatmaqdır: “Ermənistan müstəqil dövlət deyil, hərbi-bazadır. Artıq onların iqtisadiyyatı özəlləşdirilib, silahlı qüvvələri belə başqa ölkənin silahlı qüvvələrinin tərkib hissəsinə çevrilib. Ona görə də beynəlxalq ictimaiyyət, təşkilatlar müvafiq qərarlar verməlidirlər. 25 ildir davam edən vəziyyət açıq şəkildə göstərir ki, işğalçı vəziyyəti dəyişmək üçün heç nə etmir”.

A. Mollazadə qeyd edib ki, vasitəçilər danışıqları Rusiya ilə aparmalıdırlar.

Deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Cenevrə və digər bu kimi gözəl şəhərlərdə keçirilməsi nəticəsində artıq beynəlxalq siyasi turizm formalaşıb.