Müstəqillik Günü İğdırda qeyd olunub

21 Oktyabr 2017 12:10 (UTC+04:00)

Azərbaycanın Qarsdakı baş konsulluğu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rəsmi şəxslər, ziyalılar, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin aparıcısı, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Azərbaycanın dövlət müstəqilliyinin tarixi, onun bərpa olunması prosesi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası barədə danışıb. O qeyd edib ki, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıması qardaş ölkədə bayram coşqusu ilə qarşılanıb.

Azərbaycanın Qarsdakı baş konsulluğunun İğdır şöbəsinin nümayəndəsi Behbud Qadalı dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslər haqqında məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan xalqında sabaha inam yarandı. Xalq öz liderinin ətrafında birləşərək müstəqilliyinin qorunması üçün səfərbər oldu. Ermənistanla atəşkəsə nail olan Ulu Öndərin müəyyən etdiyi uzaqgörən neft strategiyası ölkənin işıqlı gələcəyini təmin etdi. Hazırda istifadədə olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, həmçinin tikintisi başa çatan Bakı-Tbilisi–Qars dəmir yolu xətti, eləcə də XXI əsrin ən nəhəng enerji layihələri sayılan TANAP və TAP təkcə Azərbaycanın yox, böyük bir coğrafiyanın inkişafına təminat yaradır. Azərbaycan hazırda Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolundadır.

Sonra Azərbaycan və Türkiyə ali məktəblərini təmsil edən dosentlər - Qərənfil Xəlilova, Nurhan Aydın, Arslantürk Akyıldız və Oktay Kızılkaya çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunması, müasir dövrdəki inkişafı Türkiyədə böyük sevinclə qarşılanır. Ölkələrimizin bərabər inkişafı dövlətlərimizin qüdrətlənməsini, xalqlarımızın rifahının yüksəlişini təmin edir.