Rövşən Rzayev: “IX Zirvə görüşündə Azərbaycanın mövqeyi bir daha səsləndi” AÇIQLAMA

21 Oktyabr 2017 11:20 (UTC+04:00)

“Ümumiyyətlə Azərbaycanla Türkiyə arasında əlaqələr hər iki tərəf üçün çox vacib və önəmlidir. Hər iki ölkə bir-birinə qardaşdır. Hər zaman olduğu kimi bir yerdə bütün məsələlərdə həmrəydirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü zamanı Prezident İlham Əliyevin çıxışına diqqətlə qulaq asdıqda isə bir daha görürsən ki, Azərbaycan həqiqətən də dünyaya açıq dövlətdir, dünyada ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət, inam və etibardan irəli gələn münasibətlərdir. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Təbii ki, hər zaman olduğu kimi bu səfərdə də dövlət başçısı İlham Əliyev Azərbaycanın ən vacib və böyük problemi olan ərazi bütövlüyü ilə bağlı ölkəmizin mövqeyini səsləndirdi. Düşünürəm ki, bu məsələ istiqamətində də həm IX Zirvə görüşünün iştirakçıları, həm də digər dövlətlər Azərbaycanın mövqeyinə diqqətlə yanaşmalıdır və ədalətli mövqedən çıxış etməlidir”.