Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub

21 Oktyabr 2017 00:19 (UTC+04:00)

Oktyabrın 20-də “Elektra Events Hall”da 12-ci Bakı Beynəlxalq Caz Festivalının açılışı olub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev paytaxtımızda ənənəyə çevrilmiş caz festivalının əhəmiyyətindən söz açıb. Son illər ölkəmizdə reallaşan beynəlxalq musiqi festivallarının önəmini qeyd edən nazir müavini bu yöndə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən danışıb. Azərbaycanda cazın tarixindən bəhs edən nazir müavini deyib ki, bu gün caz musiqisi ölkəmizdə ən çox sevilən və maraq doğuran sənət növlərindəndir. Ə.Vəliyev, həmçinin milli caz sənətinin inkişafında xidməti olan sənətkarlardan danışıb.

Vurğulanıb ki, Azərbaycanda cazın böyük tarixi var. Belə ki, Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı keçmiş SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. 2005-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Sonra festivalın ilk konserti təqdim edilib. Konsertdə Qvineyanın tanınmış caz ifaçısı Sekou Kouyatın musiqi qrupu klassik və müasir caz nümunələrini ifa ediblər.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb. O, Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan orkestri ilə çıxış edəcək.

Həmçinin festivalın qonaqları sırasında məşhur Siminoloci (Almaniya), Kennedy Administreyşn (ABŞ) kollektivləri, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Секоу Koyat (Qvineya), Omri Mor (İsrail), Оndera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və onların musiqi qrupları olacaq.

Festival çərçivəsində gənc ifaçıların “I am Jazzman” adlı beynəlxalq müsabiqəsi keçirilməklə yanaşı, Azərbaycan caz günləri, uşaq caz konsertləri, kino-caz günləri, caz sənətindən ustad dərsləri və seminarların təşkili də nəzərdə tutulur.(AZƏRTAC)