Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirilib FOTOLAR

20 Oktyabr 2017 17:22 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin internet saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bilasuvar.mctgov.az saytı haqqında məlumat verib. Bildirib ki, saytda regional idarənin əhatə etdiyi rayonların (Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl) mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytda həmçinin regionda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı məlumatlara geniş yer verilib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirməsinə xidmət etdiyini deyib. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizminin təbliği genişləndirilməlidir.

Diqqətə çatdırılıb ki, nazirliyin regional idarələri üzrə ilk sayt təqdim olunur. İlin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.