Deputatdan Sarkisyana XƏBƏRDARLIQ

20 Oktyabr 2017 14:19 (UTC+04:00)

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ermənistan prezidenti Serj Sarkisyanı Naxçıvanda keçirilən hərbi təlimlərdən nəticə çıxarmağa çağırıb. SİA-nın məlumatına görə, Milli Məclisin iclasında çıxış edən Q. Həsənquliyev deyib ki, oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad Serj Sarkisyana tutarlı cavab idi. O qeyd edib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir hissəsidir: “Odur ki, Sarkisyan və ermənilər o paradı izləyib, ağlını başına almalıdır. Bu, ona xəbərdarlıqdır. Artıq 90-cı illər deyil. O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycan var. Ermənilər unutmasın ki, təkcə Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstündə qalmayacaq".