Karyerasının ilk F-1 yarışına sonuncu sıradan başlayacaq FOTO

20 Oktyabr 2017 12:27 (UTC+04:00)

Bu həftə sonu karyerasında ilk Formula-1 yarışına qatılacaq “Toro Rosso” komandasının pilotu Brendon Hartli maşınında güc qurğusu dəyişdiyinə görə cəzalanacaq və ABŞ Qran-Prisində mübarizəyə son sıradan başlayacaq. SİA-nın xəbərinə görə, məlumatı komandanın rəhbəri Frants Tost da təsdiq edib. O qeyd edib ki, yeni zellandiyalı pilotun yarışacağı bolidə tamamilə yeni bir güc qurğusu qoyulacaq.

Komanda rəhbəri, həmçinin vurğulayıb ki, hazırda Daniil Kvaytın istifadə etdiyi maşın da növbəti həftə sonu keçiriləcək Meksika Qran-Prisində tamamilə yeni güc qurğusu ilə təchiz ediləcək. O, hər iki maşının köhnə güc qurğularının ömrünü başa vurduğunu bildirib.

Bəzi mənbələr “Red Bull”un pilotu Maks Ferstappenin də bu həftə sonu cəzalana biləcəyini iddia edirlər. Hollandiyalı pilot yeni qurğuya ABŞ, yoxsa növbəti Qran-Pridə keçəcəklərini bu gün öyərənəcəyini deyib.