BANM 700 bal toplamış tələbələrin sayına görə Respublikada liderdir

20 Oktyabr 2017 09:52 (UTC+04:00)

2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə Respublika birincisi oldu.

Bu barədə SİA-ya BANM-ın mətbuat xidmətindən məlumat verilib. Onlardan biri də ali məktəblərə qəbul imtahanlarından maksimal bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, 700 bal toplamış bu ilki abituriyentlərin seçdikləri Ali Məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən Respublika üzrə 700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olub. Onlardan 5 nəfər “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi”, iki nəfər isə “Kimya Mühəndisliyi” ixtisasını seçib. Həmin tələbələrin siyahısını sizə təqdim edirik:

- Əsədzadə Mahirə Məhəbbət qızı

- Əliyeva Xalidə Vüqar qızı

- Əhmədov Elmir Rövşən oğlu

- Cəbrayılov Vahab Fuad oğlu

- Əsgərzadə Abdulla Sahib oğlu

- Məmmədova Jalə Müşfiq qızı

- Əliyev Qabil Elçin oğlu

Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-ın rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərək onların nəinki BANM-ın, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğuladı, tələbələrlə yaxından tanış oldu və onların gələcək planlarını böyük maraqla dinlədi. Görüş zamanı Ali məktəbin rektoru tələbələrə öz tövsiyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırdı.

Sonda xatirə şəkli çəkdirildi.