Yeni ildə əfv ola bilər AÇIQLAMA

20 Oktyabr 2017 09:55 (UTC+04:00)

“Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər”. Bunu SİA-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə imzalanacaq növbəti əfv sərəncamı ilə həmişəki kimi daha çox ailə sevinəcək: “Hələlik Komissiyanın iclasları keçirilməyib. Bir qayda olaraq iclaslar həmin ərəfələrdə başlanır. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, müdafiə və təhlükəsizlik məsələləri üzrə şöbəsinin əfv sektoru və Əfv Komissiyasının Katibliyinə müraciətlər daxil olmaqdadır. Hazırda məlumatların emalı və iclaslara qədər sənədlərin tam hazırlanması prosesi gedir.

Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır. Hər bir müraciətlə bağlı arayış hazırlanır və cənab sədrə təqdim edilir. Sədrin imzası ilə müraciətlərə baxılmağa başlayır”.