AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub

20 Oktyabr 2017 09:32 (UTC+04:00)

Azərbaycanın milli hava daşıyıcısı olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan Turizm Assosiasiyasının (AZTA) İdarə Heyətinin üzvü olub.

SİA xəbər verir ki, müvafiq sazişi "Azərbaycan HavaYolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar.

Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir - indiyədək AZTA-nın üzvləri sırasına turizm şirkətləri və otellər daxil olub.

AZAL Assosiasiyaya üzv olmaqla yanaşı təşkilatın İdarə Heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.

AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, otellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, otellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.

AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil olması və Assosiasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir.

Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.