Bakı Beynəlxalq Film Festivalının təşəbbüs qrupunun iclası keçirilib FOTOLAR

19 Oktyabr 2017 17:14 (UTC+04:00)

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bakı Beynəlxalq Film Festivalı”nın təşəbbüs qrupunun iclası keçirilib. SİA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib.

M. Hətəmov qeyd edib ki, festivalın nizamnaməsinin hazırlanması üçün iş aparılır, maliyyə, təşkilati və informasiya dəstəyi verən qurumlarla danışıqlara başlanılıb: “Bu gün Azərbaycan filmləri artıq beynəlxalq festivallarda uğurla nümayiş olunur, mükafatlar qazanırlar. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunun dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır”.

Prodüser Fikrin Bektaşi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, rejissor Elçin Musaoğlu, kinoşünas Ayaz Salayev, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev beynəlxalq tədbirin təşkili üçün fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.

Bildirilib ki, festivalın hər il keçirilməsi planlaşdırılır. Bir həftə davam edəcək tədbirdə filmlər müsabiqə əsasında seçiləcək, münsiflər heyətində beynəlxalq kino aləmində tanınan insanlar təmsil olunacaq.

Qeyd edək ki, APA, Lent.az, Vesti.az, Kulis.az və APA TV "Bakı Beynəlxalq Film Festivalı”nın informasiya dəstəkçisidir.